Rusiya ilə Ukrayna arasında davam edən müharibənin digər ölkələrə necə təsir edəcəyi müzakirə mövzusu olaraq qalır.
Teleqraf.com xəbər verir ki, Danimarkanın Milli Kəşfiyyat Xidməti də bu suala cavab vermək üçün əhatəli hesabat hazırlayıb.
Hesabatda Rusiyanın uzun və qısamüddətli planları araşdırılarkən, Moskvanın əsas məqsədinin NATO qüvvələrini ölkə sərhədinə yaxın bölgələrdən çıxarmaq olduğu bildirilib. İsveç və Finlandiyanın Rusiya ilə uzun sərhədinin olduğu vurğulanarkən, bu iki ölkənin NATO-ya üzvlük müraciətinin Prezident Vladimir Putinin fikrini dəyişməyəcəyi qeyd olunub.
“İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti Rusiyanın Baltik dənizi regionunda daimi hərbi mövcudluğunu gücləndirməsi demək olacaq”, - hesabatda deyilir.
Həmçinin sənəddə vurğulanıb ki, Putin İsveç və Finlandiya ilə bağlı hədəflərinə görə bu iki ölkəyə nüvə təhdidlərini artıracaq.