26 Dekabr 2022 13:17
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya Çinə qayıdıb. Pekinin son iki ildə həyata keçirdiyi “sıfır COVID siyasəti”, sərt qapanmalar nəticə vermədi. Çində gündə milyonlarla insan COVID-ə yoluxur, say o qədər artıb ki, Pekin gündəlik xəstə sayını elan etməyəcəyini açıqlayıb. Bəzi mənbələrə görə, Çində son 20 gün ərzində təxminən 250 milyon insan koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilir.

Mərkəzin ekspertləri deyirlər ki, COVID paytaxt Pekin və Şanxayda daha sürətlə yayılıb:

“Xəstəxanalar doludur. CNN-nin məlumatına görə, ölkədə ölənlərin sayı da artıb. Çinli virusoloqlar deyirlər ki, hazırkı COVID ilkin ştammdan fərqlidir.

Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb.

Bu arada, Çinlə Hindistan sərhəddindəki son insident Dehlidə ciddi müzakirələrə səbəb olub. Hindistan parlamentində keçirilən müzakirələr zamanı “Hindistan Milli Konqresi” simasında müxalifət hökumətin siyasasətini tənqid edib. Müxalifət nümayəndələrinin fikrincə, hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir. Müxalifət hökuməti Pekinlə münasibətlərə yenidən baxmağa çağırıb. Halbuki uzun onilliklər ərzində hakimiyyətdə olan “Hindistan Milli Konqresi”nin özü Çinlə sıx əlaqələrə malik idi”.

Mərkəzin ekspertlərinin fikrincə, hökumət müxalifətin tənqidlərini qəbul etmir:

“Hindistan hökuməti Çinlə sərhəddə kifayət qədər böyük hərbi bölmələr yerləşdirib. Çin 2020-ci ildən başlayaraq Hindistanla sərhədin dağlıq hissəsində xeyli qoşun hissəsi toplayıb. Dehli Pekinin bu siyasətini cavabsız qoymayıb.

Sərhəddə vəziyyətin hər an yenidən gərginləşə biləcəyi ehtimalı böyükdür. Kiçik toqquşma böyük müharibəyə səbəb ola bilər. Buna baxmayaraq, Çin Kommunist Partiyası ilə Hindistanın hakim “Bharata Canata” Partiyası arasında təmaslar davam edir. Hindistan müxalifətini narazı salan da budur.

Böyük dövlətlərin planlarına pandemiyanın geniş yayılması da əngəl olmur. Çinlə Hindistan arasında iki il əvvəl sərhəddə toqquşma məhz COVID-in geniş yayıldığı günlərə təsadüf etmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər