Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk və Donetsk vilayətlərində Rusiya qoşunlarının hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna ordusu Zaporoje vilayətinin Vasilivski rayonu və Novobilozerka yaxınlığında rus qüvvələrin cəmləşdiyi ərazilərə zərbələr endirib. Zərbələr nəticəsində rus ordusunun 100-ə yaxın hərbçisi həlak olub və yaralanıb. Ölənlər arasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 15 əməkdaşı da var.
“Ukrayna Müdafiə Qüvvələrinin bölmələri işğalçıların Luqansk vilayətinin Novoselivsk və Stelmaxivka yaşayış məntəqələri və Donetsk vilayətinin Dilivka, Krasnoxorivka, Vodyan, Vesel, Marinka və Pobeda ərazilərində hücumlarını dəf edib”, - məlumatda deyilir.
Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri rusların 4 idarəetmə məntəqəsini və canlı qüvvəsinin cəmləşdiyi 6 ərazini vurub.