Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya Prezidenti Putin hər şeyin tez bitməsini gözləyirdi. Lakin onun qısamüddətli müharibə planları baş tutmadı.
Teleqraf.com xəbər verir ki, bu fikri NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ceyms Cons deyib.
O iddia edib ki, Rusiya Federasiyası bu gün artıq məğlub olub.
Consun sözlərinə görə, hərbi yardım Ukrayna üçün çox vacibdir:
"Əgər müttəfiq ölkələr bu yardımı davam etdirsələr və bunu daha sürətlə həyata keçirsələr, o zaman Rusiya Federasiyasını yeni xoşagəlməz xəbərlər gözləyə bilər. NATO bir alyans olaraq indi daha güclüdür, daha birləşib. Vladimir Putinin ən az istədiyi şey budur. Alyansın Ukraynaya verdiyi dəstək möhkəm və davamlı olaraq qalırsa, bu, Rusiya üçün yaxşı heç nə vəd etmir. Putinin çox fərqli planları var. O, müharibənin qısa olacağını və NATO-nun buna reaksiya verməyəcəyini düşünürdü. Lakin başqa vəziyyətlə üzləşdi.
Müttəfiqlərin Ukrayna ordusunu məşq etmək və təchiz etmək qabiliyyəti ilk vaxtlar ləng idi, lakin indi müəyyən ritmə çatıb, bu, daha ürəkaçandır. Putin bir qədər geri çəkilməyə məcbur olub. Düşünürəm ki, çoxları onun uğursuzluqlarına təəccübləndi".
General tammiqyaslı müharibənin 2023-cü ildə bitəcəyinə ümid edir. Lakin o, hesab edir ki, Rusiya Federasiyası bu gün artıq məğlub olub. Consun fikrincə, ABŞ və digər ölkələr müharibə başa çatdıqdan sonra da Ukraynaya yardımı davam etdirməlidir:
“Bu münaqişə bitəndə, amma bitsə də, bizim Ukraynaya öz potensialını tez bir zamanda bərpa etməyə kömək edə biləcək planımız olmalıdır. İnanıram ki, Ukraynada baş verənlərdən asılı olaraq, uzun müddət Avropanın müdafiəsinin önündə yer alacaq. Məncə, son dərəcə vacib olan üç şey var: yardımın sürətli çatdırılması, humanitar yardımın göstərilməsi və Ukraynanın yenidən qurulması üçün uzunmüddətli plan. Bütün bunlar reallığa çevrildikdən sonra bu döyüş bitəcək”.