Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portuqaliyalı futbolçu Kriştianu Ronaldo ilə bağlı sözləri Avropa mediasında müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, Avropa nəşrləri Türkiyə liderinin məşhur futbolçuya sahib çıxdığını yazır.
Prezident Ərdoğan Ronaldo haqqında belə demişdi:
“Ronaldonu xərclədilər. Təəssüf ki, Ronaldoya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldo Fələstin davasını dəstəkləyən isimdir”.
İngiltərənin “Daily Mirror” qəzeti Türkiyə prezidentinin çıxışını onun sözlərinə istinadən “Ronaldoya siyasi sanksiya” başlığı ilə oxucularına təqdim edib.
İtaliyanın idman qəzeti “Corriere Della Sport” da Ərdoğanın Ronaldonun Fələstinə dəstəyi ilə bağlı sözlərinə diqqət çəkib. Nəşr Türkiyə prezidentinin futbol keçmişini də xatırladıb.
Portuqaliyanın idman qəzeti “Abola” da öz xəbərində Ərdoğanın Ronaldoya dəstəyini vurğulayıb.
“Ronaldo Türkiyə prezidentindən dəstək alır”, - nəşr yazır.
Türkiyə liderinin sözləri İspaniya mətbuatında da geniş işıqlandırılıb.
“Marca” qəzeti Ərdoğanın “Dünya Çempionatında siyasi sanksiyaların qurbanı olan Ronaldo” sözlərini manşetində verib.
“Türkiyə portuqaliyalı ulduzu müdafiə etdi”, - qəzet bildirib.