29 Dekabr 2022 11:22
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo ilə gərginliyə səbəb olan barrikadaların bu gün qaldırılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Serbiyanın Kosovo ilə sərhədi yaxınlığındakı Raska kazarmasında kosovolu serblərlə görüşən Vuçiç görüşdən sonra açıqlama verib.

Prezident çox çətin bir gecə və görüş keçirdiklərini deyib: “Kosovo serblərindən barrikadaları aradan qaldırmağı xahiş etdim. İstərdim ki, sülh və əmin-amanlıq davam etsin. Hamını dinlədim. İnanıram ki, vədlər yerinə yetiriləcək.

Barrikadalar götürüləcək. Bu iki saatlıq iş deyil, bəlkə 24, bəlkə 48 saat davam edəcək, amma barrikadalar aradan qaldırılacaq”.

Barrikadaların qaldırılmasından sonra Kosovo serblərinin təqib olunacağı ehtimalını qiymətləndirən Vuçiç söyləyib: “Belə olan halda barrikadaları bir daha qaldırmamaq üçün quracaqlarını bildirdilər”.

Bu arada, Kosovo ilə Serbiya arasında gərginliyə səbəb olan keçmiş serb polis Deyan Pantiçin saxlanmasının ev dustaqlığına çevrilməsindən sonra Avropa İttifaqı (Aİ) və ABŞ birgə bəyanatla çıxış edib.

Serbiyanın Kosovodakı hökumət ofisinin rəhbəri Petar Petkoviç Aİ və ABŞ-ın bəyanatından sonra Vuçiçlə görüşərək, Kosovo serblərinin tələblərinin yerinə yetirilməsi üçün Aİ və ABŞ-dan zəmanət aldıqlarını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər