ABŞ Dövlət Departamentindən Moskvada Türkiyə, Suriya və Rusiyanın hərbi və kəşfiyyat qurumlarının rəhbərləri arasında keçirilən görüşə reaksiya gəlib.
Teleqraf.com xəbər verir ki, bu mövzuda ABŞ-ın siyasətinin dəyişmədiyi bildirilən açıqlamada bu ölkələrin münasibətlərini normallaşdırmasını və diktator Bəşər Əsədin hakimiyyətini bərpa etməsini dəstəkləmədikləri vurğulanıb.
“Dövlətləri Əsəd rejiminin son on ildə Suriya xalqına etdiyi zülm və onun Suriya xalqının humanitar yardım və təhlükəsizliyə çıxışını əngəlləməsini diqqətlə nəzərdən keçirməyə çağırırıq.
Suriya xalqı 12 ilə yaxındır davam edən müharibədən əziyyət çəkməyə davam edərkən, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriyanın öncüllüyü ilə siyasi həllə dəstəyimiz davam edir. Biz davamlı siyasi həllin əlçatan olmasını təmin etmək üçün müttəfiqlərimiz, tərəfdaşlarımız və BMT ilə işləməyə davam edəcəyik”, - açıqlamada qeyd olunub.