Rusiya İrandan aldığı dronlarla hücumlarının sayını artırıb. Rusiya getdikcə daha çox “Şahid”lərlə kritik infrastruktur obyektlərini məhv etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Amerikalı ekspertlərin fikrincə, İran Rusiyaya yenidən kömək edə bilər:
“Dekabrın 29-dan 30-na keçən gecə Rusiya qüvvələri İran istehsalı pilotsuz uçan aparatlarla (PUA) Kiyevə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı Rusiya qüvvələrinin Ukraynadakı hədəflərə 16 ədəd “Şahid-131” və “Şahid-136” PUA-ları atdığını və onların hamısının müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib”, - ISW xatırladır.
Rusiya ordusunun son iki gündə İran dronları ilə hücumlarının sayını bir neçə dəfə artırıb. ISW-yə görə, bu, Rusiyanın ehtiyatında kifayət qədər İran dronlarının olduğunu göstərir. Moskvanın molla rejimindən yeni partiya PUA-lar gözlədiyi də diqqətə çatdırılıb.
Ekspertlər deyirlər ki, Rusiya Ukraynanın kritik infrastrukturuna hücumları davam etdirmək üçün dron hücumlarının sürətini artırıb. Amma Rusiya pilotsuz aparatlardan bir səbəbdən istifadə edir. Mütəxəssislərin fikrincə, ruslar raket ehtiyatlarının tükənməsi fonunda getdikcə daha çox dronlara üstünlük verməyə çalışırlar.
ISW vurğulayır ki, Rusiya ordusu Ukraynanın iradəsini sındırmaq məqsədilə mülki hədəflərə zərbələr endirmək üçün bu sistemlərin sayını artırmağa davam edəcək.