31 Dekabr 2022 13:57
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriyanın kəşfiyyat rəhbərləri və müdafiə nazirlərinin Rusiyadakı ilk təmaslarında problemli sahələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

Türk nəşri bu problemli sahələrə dair fikirlərin qarşılıqlı şəkildə çatdırıldığını bildirir:

“Ankaranın Dəməşqdən üç tələbi var:

1. Suriyanın az qala üçdə birinə nəzarət edən PKK-YPG terroru təmizlənməlidir.

2. YPG-nin, xüsusilə Fəratın şərqində neft yataqlarını idarə etməsi və iqtisadiyyata nəzarət etməsi böyük problemdir. Bunun qarşısı alınmalıdır.

3. Türkiyədəki təxminən 4 milyon qaçqının könüllü olaraq geri qayıtması təmin edilməlidir.

Bu problemli sahələrin həlli üçün səmimi, şəffaf və inandırıcı həll yolu tapmaq üçün Dəməşqdən aydın yanaşma tələb olunub.

Dəməşq də öz tələblərini Ankaraya çatdırıb:

1. Türkiyə Silahlı Qüvvələri Suriyanı tərk etməlidir

2. Azad Suriya Ordusuna dəstək dayandırılmalıdır

3. Türkiyədəki suriyalı qaçqınlar təhvil verilsin.

Bununla belə, Ankara Türkiyə silahlı qüvvələrinin PKK-YPG terrorizmi və İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriya ərazisində olduğunu, bu təhlükələr aradan qaldırılarsa və bölgədə normallaşma əldə olunarsa, Suriya ərazisini tərk edəcəklərini və bunun Suriyanın ərazi bütövlüyünə qarşı olmadığını diqqətə çatdırıb. Azad Suriya Ordusunun Suriya vətəndaşlarını çətin duruma salmaq cəhdi olmadığı və sabitliyin təmin edilməsi üçün çalışdıqları bildirilib.

Moskvada baş tutan görüşdən sonra açıqlama verən müdafiə naziri Hulusi Akar Suriya ilə birgə əməliyyat mesajı verib.

“Bu danışıqların sonunda müdafiə və təhlükəsizlik problemlərimizi həll edə, ehtiyaclarımızı ödəyə bilsək, təbii ki, birgə əməliyyat mümkün ola bilər”, - nazir bildirib.

Akar Ankara və Dəməşq arasında əlaqə kanallarının tam açıq olduğunu, addım-addım münasibətlərin normallaşdırılacağını deyib.

Müdafiə naziri prosesin Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşün təşkilinədək irəliləyə biləcəyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər