31 Dekabr 2022 15:58
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci xanımlar adətən öz rollarına uyğun olaraq ənənəvi qadına məxsus funksiyaları yerinə yetirir, yəni ölkənin səhiyyə və ya mədəniyyətinin qayğısına qalır. Gördüyünüz kimi, mənə birinci xanımın funksiyalarına bu ənənəvi baxışı bir az dəyişmək imkanı verildi - baxmayaraq bu mənim seçimim deyildi, şərait gətirib buna çıxartdı. Birinci xanımlar silah istəmir. Birinci xanımlar beynəlxalq tribunal tələb etmir - amma mən bunu edirəm, çünki Ukraynadakı müharibə "protokol" rollarını qismən bərabərləşdirib. Hamımız qalib gəlmək üçün əlimizdə olan imkanlardan maksimum istifadə etməyə çalışırıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Report"a müsahibdəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.

O, müharibənin Ukrayna mədəniyyətinə vurduğu böyük zərbədən də söz açıb: "Fakt budur ki, Rusiya silahları mədəniyyətimizə hücum edir, ona görə də susmaq olmaz. Məqsədli şəkildə və qəsdən hücuma keçərək mədəni irsi və bu irsi ərsəyə gətirənləri məhv edirlər. Rusiyalılar muzeylərimizi qarət edirlər: təkcə Xerson vilayətindən 15 mindən çox rəsm götürülüb.

Onların bombaları tək Mariupol Teatrını dağıtmayıb, biz 1 100-dən çox mədəni infrastruktur obyektinin dağıdılmasını və ya zədələnməsini sənədləşdirmişik. Ona görə də indi bizim vəzifəmiz Ukrayna mədəniyyətinin dünyada həmişəkindən daha çox tanınmasını təmin etməkdir.

Səsimizi bütün dünyaya necə çatdıra bilərik? Əlbəttə, hər birimizin əməyi ilə. Müharibənin bizi hansı ölkəyə gətirib çıxarmasından asılı olmayaraq, bu gün hamımız öz mədəniyyətimizin səfirləriyik. Dilimizi, adət-ənənəmizi, musiqimizi, ədəbiyyatımızı özümüzlə daşıyırıq. Mədəniyyətimiz vasitəsilə biz nə üçün mübarizə apardığımızı, nəyin tərəfdarı olduğumuzu və dəyərlərimizin nə olduğunu açıq şəkildə göstəririk.

Ona görə də müharibədən əvvəl başladığım layihələr nəinki aktuallığını itirmədi, əksinə, əlavə məna kəsb etdi. Məsələn, artıq 35 ölkədə istifadəyə verdiyimiz dünyanın mədəni görməli yerləri ilə bağlı ukraynadilli audiobələdçilər təkcə turistlər üçün rahatlıq deyil, həm də Ukraynanın və sivil dünyanın ortaq bir dilinin - xalqların dilinin olduğuna işarədir. Bu mədəniyyət dilidir. Yeri gəlmişkən, belə bələdçilər Azərbaycanda da mövcuddur, mənim təşəbbüsümlə ilk ukraynadilli audiobələdçilərdən biri 2020-ci ilin avqustunda Bakıda Milli Xalça Muzeyində istifadəyə verildi. Bu yaxınlarda biz Qobustan Milli Parkında ikinci audiobələdçimizi istifadəyə verdik. Buna görə diplomatlarımıza və Azərbaycanın Mədəniyyət Nazirliyinə son dərəcə minnətdaram. Arzu edirəm ki, Azərbaycanda növbəti audiobələdçi Heydər Əliyev Mərkəzində ərsəyə gəlsin".

Azərbaycanın Ukraynaya humanitar yardım etməsi və onun ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı suala cavab verən Yelena Zelenskaya deyib:

"Mən bilirəm ki, bu yaxınlarda Azərbaycan bizə generator və transformatorların böyük partiyasını göndərdi. Bu, bütün bölgələrdəki əhalimizin çox ehtiyac duyduğu avadanlıqdır və biz buna görə minnətdarıq. Ukraynaya və ukraynalılara kömək etməyin bir çox yolu var və biz istənilən formada dəstəyə görə minnətdarıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər