5 Yanvar 2023 01:40
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il ilk günlərində Böyük Britaniyanın səhiyyə xidməti dərin böhranla üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşrində məqalə dərc olunub.

Təcili tibbi yardım maşınlarını saatlarla gözləyən həkimlər xəstələrin kütləvi qəbuluna görə onları palatalardan kənarda müayinə etdiklərini deyirlər.

Bir müddət əvvəl Kral Təcili Tibbi Yardım Kollecinin prezidenti Adrian Boyle açıqlama yaymışdı ki, 300-500 nəfərin həyatını itirməsi məhz bu gecikmələrlə bağlı olub.

Səhiyyə sahəsində hökumətin tədbirlər görməməsi ilə bağlı fikirlərə yeni baş nazir Rişi Sunak belə reaksiya verib:

“Xalqın narahatlığını görməmək mümkün deyil. Xalq səhiyyədə illərdir davam edən gecikmələrdən əsəbləşir və narahatlıq keçirir”.

Peşəkar Həkimlər Assosiasiyası bu problemlə bağlı parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edib. Assosiasiyanın hökumətə ünvanladığı məktubda vətəndaşların sosial sığorta haqlarından imtina etməsi səbəbindən problemin dərinləşdiyi qeyd olunur.

Assosiasiya rəhbərliyi bildirir ki, tibbi personal yetərincə maddi dəstək almır və işçilər bu baxımdan öz işlərinin öhdəsindən gələ bilmirlər.

Qeyd edək ki, 2022- ci ilin noyabr ayında İngiltərədə 40 min xəstə xəstəxanaya qəbul üçün 12 saat gözləməli olub. Bu ötən illə müqayisədə 365 faiz çoxdur.


Müəllif: Pərvin Cəfərova