6 Yanvar 2023 09:50
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Vladimir Zelenski ilə telefon danışıqları müsbət nəticə verib.

Teleqraf.com xəbər verir ki, Rusiya yanvarın 6-7-də birtərəfli atəşkəs elan edəcəyini açıqlayıb.

Atəşkəs qərarının Milad bayramı ilə əlaqəli olduğu bildirilib.

Türkiyənin beynəlxalq sülhə töhfə verən vasitəçi addımından sonra ABŞ-dan açıqlama gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatmasında konstruktiv rolunu yüksək qiymətləndirdiklərini və Türkiyənin iki ölkə ilə əlaqələrindən sülh üçün istifadə etdiyini deyib.

“Türkiyənin bu amansız müharibəyə son qoymağa çalışmasında oynadığı konstruktiv rolu çox yüksək qiymətləndiririk. Türkiyənin Ukraynanın ərazi bütövlüyünə sadiqliyini və Ukrayna ilə Rusiya arasında dialoqun qurulması üçün göstərdiyi səyləri təqdir edirik”, - ABŞ rəsmisi bildirib.

Prays Ankaranın müharibənin başlanğıcından bəri konstruktiv oyunçu olduğunu qeyd edib: “Türkiyə konstruktiv oyunçuya çevrilib. Türkiyə dialoqu və anlamlı diplomatiyanı inkişaf etdirməyə çalışır”.

Prays BMT baş katibi Antonio Quterreş və Ərdoğanın taxıl məsələsinin həllində oynadığı rolu da vurğulayıb:

“Türkiyənin oynadığı rol olmadan bu mexanizm (Taxıl Təşəbbüsü) yenilənə bilməzdi. Nəticə etibarilə bu, dünyanın ehtiyacı olan ölkələri tonlarla taxılla təmin edən mexanizmdir. Türkiyə NATO üzvü mövqeyindən və beynəlxalq ictimaiyyətlə yaxşı münasibətləri ilə yanaşı, Ukrayna və Rusiya ilə əlaqələrindən də istifadə edərək sülhə ümid yaratmağa çalışır”.

Prays əlavə edib ki, əgər bu cəhdlər nəticədə uğursuz olarsa, məsuliyyət Türkiyənin deyil, Moskvanın üzərinə düşür.


Müəllif: Mənsur Rəğbətoğlu