6 Yanvar 2023 13:00
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Suriya normallaşma diplomatiyası sürətləndikcə texniki heyətlər də dövriyyəyə girir. Kəşfiyyat və hərbi rəsmilər görüşərək iki ölkə arasındakı problemlərin həllindəki uzun yolu qət etməyə çalışacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Suriya ilə normallaşma diplomatiyasındakı gəlişmələr sürətlənir.

Müdafiə naziri Hulusi Akarla Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanının suriyalı həmkarları ilə Moskvada baş tutan görüşdən sonra bu dəfə iki ölkənin xarici işlər nazirləri bir araya gələcək.

Siyasi müstəvidə təmasların yüksəlməyə başladığı normallaşma marafonunda texniki heyətlər də rol oynayacaq. Türkiyə kəşfiyyat və hərbi qurumlarının formalaşdırdığı texniki komanda növbəti görüşlərdə Suriya heyəti ilə görüşəcək.

Hər iki ölkə texniki heyətlərin görüşü ilə bağlı razılığa gəlsə də, tərəflərin görüşəcəyi tarix hələ dəqiqləşməyib.


Müəllif: Mənsur Rəğbətoğlu