9 Yanvar 2023 19:55
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu son üç gündə İraq üzərindən Suriyada PKK/YPG terror təşkilatının işğalı altında olan Hasəkə əyalətindəki baza və hərbi məntəqələrə 100-ə yaxın hərbi yük maşını göndərib.

Teleqraf.com xəbər verir ki, ABŞ-a aid əlavə qüvvələr yanvarın 6-8-də İraq-Suriya sərhədindəki Əl-Valid keçid məntəqəsindən Hasəkəyə daxil olub.

PKK/YPG-nin nəzarətindəki Rumeylan, Şəddadi və Təl-Bəydər yaşayış məntəqələrində ABŞ qüvvələrinin baza və hərbi məntəqələrinə çatan konvoya zirehli hərbi maşınlar, yanacaq tankerləri və çoxlu sayda sursat daxil edilib.

Türkiyə Silahlı Qüvvələri 2019-cu ilin oktyabrında Suriyada “Sülh Çeşməsi” əməliyyatına başlaması ilə ABŞ bu bölgədəki bazalarını boşaldaraq, neft yataqları ətrafında yerləşməyə üstünlük vermişdi.

PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələrinin hazırda Hasəkə, Raqqa və Deyr əz-Zor əyalətlərində terror təşkilatının işğal etdiyi ərazilərdəki bir çox baza və hərbi məntəqələri var.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir. Türkiyə ABŞ-ın terror təşkilatına dəstəyinə etiraz edərək, bunun müttəfiqlik prinsipləri və ruhuna zidd olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu