14 Yanvar 2023 12:50
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti PKK terror təşkilatının tərəfdarlarının Stokholmdakı qalmaqalından sonra ölkənin NATO üzvlüyünün təhlükəyə girməsindən təşvişə düşüb.

Teleqraf.com xəbər verir ki, PKK tərəfdarlarının Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə qarşı skandal aksiyasına İsveçdən yüksək səviyyədə reaksiya gəlib.

İsveç parlamentinin sədri Andreas Norlen dövlət televiziyasına (SVT) mövzu ilə bağlı danışıb.

Norlen olaydan sonra Türkiyənin yanvarın 17-də onun Ankaraya səfərini ləğv etməsi ilə bağlı belə deyib: “Dünən Stokholmda baş verənlərdən sonra Türkiyə tərəfinin sərt reaksiyasını anlayıram. Şəhər meriyasının qarşısındakı görüntülərə baxanda mən də çox narahat oldum və bu iyrənclikdir”.

İsveç Baş naziri Ulf Kristersson PKK/YPG tərəfdarlarının “aksiya”sını ölkəsinin NATO-ya üzvlük müraciətinə qarşı təxribat kimi qiymətləndirib:

“Deyə bilərəm ki, bu, İsveçin NATO-ya üzvlük müraciətinə qarşı təxribat olaraq hazırlanıb. Bu, İsveçin təhlükəsizliyi üçün təhlükəli durumdur. İki tanınmış siyasətçisinin qətlə yetirildiyi İsveçdə bir ölkənin demokratik yolla seçilmiş liderinin belə “edam” edilməsi çox ciddi məsələdir”.

İsveç xarici işlər naziri Tobias Billström də bildirib ki, bu təxribat ölkəsinin NATO-ya üzvlük prosesinə zərbə vurub:

“İkinci Dünya Müharibəsindən sonra İsveçin təhlükəsizliyi üçün ən vacib dövrü yaşayırıq. Bu həyasız addım dəyərli müttəfiqimiz Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsinə nail olmaq üçün addım-addım aramızda güvən yaratma prosesini çətinləşdirmək və gecikdirmək riski daşıyır. Spikerimiz Norlenin Türkiyəyə səfərinin ləğv edilməsinə təəssüflənsək də, Türkiyənin reaksiyalarını çox yaxşı anlayırıq. Türkiyə ilə əlaqələrimiz bizim üçün çox önəmlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu