23 Dekabr 2014 20:27
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Akmolinsk vilayətinin akimi (administrasiya rəhbəri) Sergey Kulagin "yuxu xəstəliyi"ndən əziyyət çəkən Kalaçi kəndinin sakinlərinin köçürüləcəyini vəd edib. O, bəyan edib ki, ilkin hesablamalara görə, kənd sakinlərinin köçürülməsi iki milyard tengeyə (10 milyon dollardan çox) başa gələcək və 7 ay vaxt aparacaq. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

İlk növbədə, əmək qabiliyyətli uşaqlı ailələr köçürüləcək.

S.Kulagin qeyd edib ki, yaxınlıqdakı Krasnoqorsk adlanan əraziyə artıq 220 ailə köçürülüb: "Kalaçidə 223 ailə qalıb, onlardan 106-sı uşaqlı ailədir".

Lakin kənd sakinlərinin heç də hamısı administrasiyanın təklifi ilə razılaşmır. Belə ki, epidemiya ocağını tərk etməyə əhalinin təqribən 70 faizi razıdır.

Kənd əhalisinin xəstəliyinin mənbəyi hələ də aşkar edilməyib. Ötən sutka ərzində daha iki nəfər xəstəxanaya yerləşdirilib. Onlara qısa müddətdə “tez özlərinə gəlməyə” kömək ediləcək və kənddən köçmək təklif olunacaq.

İlk dəfə 2013-cü ildə qeydə alınan xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. İndiyədək təqribən 60 nəfərdə bu xəstəlik qeydə alınıb.

Qazaxıstan və Rusiya alimləri fəal iş aparsa da, xəstəliyin səbəbini müəyyən etmək hələ də mümkün olmayıb. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir.

Bəzi versiyalara görə xəstəliyə səbəb uran zəhərlənməsi və radiasiya təsiridir. Belə ki, Kalaçi kəndi SSRİ dövründə uran filizinin çıxarıldığı Krasnoqorsk qəsəbəsinin yaxınlığında yerləşir. Lakin həmin mədən 1990-cı illərin əvvəllərində bağlanıb.

Lakin radiasiya sahəsində çalışanlar iddia edirlər ki, radiasiya yuxu effekti vermir. Digər versiyalar arasında zəhərlənmə, həşərat sancması, hətta "yadplanetlilərin təsiri" var.


Müəllif:

Oxşar xəbərlər