Seçkilər öncəsi keçirilən sorğularda şəriksiz lider olan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı “seçki qutularında devirmək” ümidləri sönən Qərb dünyası yenidən hər tərəfdən hücuma keçib. Avropa mediası Ərdoğan əleyhinə təəssürat yaratmaqla məşğuldur, “Türkiyədə müxalifət qalib gəlməlidir” başlıqları ilə müxalifət birliyini - “Altılıq Masası”nı ön plana çıxarmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır.
“2023-cü ilin ən mühüm seçkisi Türkiyədədir” deyərək açıq şəkildə müxalifətə dəstək verirlər. Qərbin media və bəzi siyasi qurumları Türkiyənin bütün dəyərlərini təhqir etmək üçün yarışa giriblər, aşkar formada PKK/YPG terror təşkilatına qucaq açırlar.
Qərb mediası “qərəzsizlik” prinsipinə məhəl qoymur, açıq şəkildə Prezident Ərdoğanın ünvanına böhtan xarakterli yazılar dərc edirlə. Beləliklə, ABŞ və Avropa mediasında Türkiyəyə qarşı düşmənçilik yenidən gündəmdədir.
Qərbin media orqanlarının bu qədər anti-Türkiyə mövqeyində olmasının arxasında Ankaranın qlobal siyasətdəki qətiyyətli mövqeyi dayanır. Ankara müdafiə, təhlükəsizlik və xarici siyasət kimi məsələlərdə ölkənin maraqlarından güzəştə getmir. Suriya və İraqda terror təşkilatlarına qarşı mübarizədə geriyə bir addım belə atılmır.
“Blumberq” agentliyinin bu yaxınlarda dərc etdiyi təhlildə məsələ ilə əlaqədar belə deyilir: “Türkiyədə seçkilərin təsiri Avropa paytaxtlarında, ABŞ-Rusiya münasibətlərində, Orta Asiya, Yaxın Şərq və Afrikada hiss olunacaq”.
Türkiyənin xarici siyasətdəki bu təsirini qırmaq üçün Prezident Ərdoğana qarşı müxalifəti gücləndirməyə çalışırlar.
Türk müdafiə sənayesinin istehsal etdiyi pilotsuz uçan aparatlar (PUA) bütün dünyada böyük diqqət çəkir. Qərb dünyasında uzun müddətdir ki, Türkiyənin müdafiə məhsullarına qarşı böhtan siyasəti aparılır. Seçki yaxınlaşdıqca bu çirkin təbliğatı daha da gücləndirirlər. Ankara isə bütün təzyiqlərə baxmayaraq, Türkiyəni müdafiə sahəsində özünü təmin edən ölkələr siyahısına salmağa nail olub.
Qərbdə skandalların sonu yoxdur. Fransada PKK terror təşkilatının tərəfdarları hər fürsətdə Türkiyəni hədəfə alırlar. İsveçdə bu yaxınlarda Prezident Ərdoğana bənzədilmiş kukla asılmışdı. İndi həmin İsveçdə “Flamman” jurnalı Türkiyə liderini təhqir etmək üçün müsabiqəyə başlayıb.
İngiltərənin “Röyter” agentliyi də Ərdoğanın əleyhinə açıq şəkildə xəbər verə bilən insanlar üçün iş elanı verib.
Qərb mediasında tirajlanan materialların sətirləri arasında Türkiyə ilə bağlı bir çox mübahisəli məsələlərdə Ankaranın tezislərinin doğru olduğunu etiraf edənlər də var. Məsələn, YPG terror təşkilatının PKK-nın uzantısı olduğunu və ya Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarının olduğunu, ya da Türkiyənin Rusiya-Ukrayna savaşında kritik rol oynadığını deyirlər.
Bu yaxınlarda “Fransa 24”-də yayımlanan xəbərdə PKK-nın on minlərlə insanın ölümünə səbəb olan bir təşkilat olduğu vurğulanıb. Xəbərdə Fransanın YPG-ni Suriyada “azadlıq döyüşçüləri” olaraq dəstəklədiyi etiraf olunub.
Qərb beynəlxalq aləmdə öz maraqları baxımından Türkiyəni dayandırmağa çalışır. Digər tərəfdən, xarici mətbuatda aparılan böhtan təbliğatında Türkiyədəki müxalifət qrupları da iştirak edir.
Qərb Türkiyənin Suriyada terrorla mübarizəsini pozmağa çalışsa da, yerdəki vəziyyətə təsir edə bilmir.
Avropa Türkiyənin Azərbaycana dəstəyinin qarşısını almaq istəyir. Qərbin bəlli siyasi dairələri və tanıdığımız köhnə isimlər hər fürsətdə türk hərbçilərinin Azərbaycanda olmasına etiraz edirlər.
Xüsusilə, Avropa İttifaqına üzv dövlətlər Türkiyənin Liviya ilə dəniz anlaşmasını pozmaq üçün böyük səylər göstərirlər. Türkiyədə də iqtidarın əleyhdarları “Bizim Liviyada nə işimiz var?” deyirlər.
Avropa Şərqi Aralıq dənizində Türkiyənin hüquqlarını mənimsəməyə çalışarkən, Türkiyədəki müxalif qruplar bir tərəfdən Kiprdə iki dövlətli həllprosesini əngəlləməyə cəhd göstərirlər, digər tərəfdən isə Yunanıstanın arqumentlərini dolayısı ilə müdafiə edirlər.
Qərb mətbuatının daha bir ikiüzlülüyü Türkiyəni hədəfə alan terrorçulara tribuna verməsidir. Tez-tez mikrofonları terror təşkilatlarının liderlərinə uzadırlar. Eyni mətbuat Türkiyə rəsmiləri ilə çox az müsahibəyə yer verir.
Son olaraq, Fransa mətbuatı YPG terror təşkilatının lideri Fərhad Abdi Şahini danışdırıb. “Le Point” qəzetinin əlinə mikrofon verdiyi baş terrorçu “Müqavimət göstərmək bizim üçün çox çətindir” sözləri ilə ABŞ və Fransadan Türkiyəyə qarşı kömək dilənib.