19 Yanvar 2023 09:14
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edir:

- Professor, Rusiya-Ukrayna savaşı artıq 11 aydır davam edir, bu proses qanlı toqquşmalar, böyük insan itkiləri ilə müşayiət olunur. Dünyanın siyasi şərtlərini dəyişəcək bu savaş hazırda hansı mərhələdədir və gözləntilər nədir?

- Artıq yeni dünya düzəni haqda danışmağa başlanılıb. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın təcavüzü ona baha başa gələcək. Rusiya işğal etdiyi Ukrayna ərazilərini gec və ya tez tərk etmək məcburiyyəti qarşısında qoyulacaq. Rusiya əvvəlki kimi nüvə qalxanını sipər edərək dünyanı təhdid etmək imkanlarından məhrum ediləcək. Çünki Rusiya ətrafında ona qarşı olan dövlətlərin böyük çəmbəri formalaşır. Bu, Moldovadan tutmuş Gürcüstana qədər əraziləri əhatə edir. Avropa dövlətləri də faktiki birləşib. Hətta uzaq Yaponiya silahlanmağa başlayıb. Yaponiya da Rusiya ilə haqq-hesabı olan dövlətlərdən biridir. Qısacası, müharibədə müəyyən durğunluq ola bilər, amma zənn etmirəm ki, belə durğunluq Rusiya ordusuna böyük üstünlüklər gətirə bilər. Artıq on gündür ki, rus ordusu kiçik Soledar şəhərinə hücum edirlər, ancaq ala bilmirlər. Şəhər dağıdılıb, hər iki tərəfdən itkilər var, lakin rus ordusunun itkiləri daha çoxdur. Yəni döyüşlərdə də böyük nailiyyətlər əldə edə bilmir. Bu da gözlənilən və proqnoz edilən vəziyyətdir.

- Rusiyanın Ukraynadakı ordusunun komandanı dəyişdirildi, bu posta Baş qərargah rəsisi Valeri Gerasimov gətirildi. Bu, hərbi teatrda nəyi dəyişdirə bilər?

- Komandanlıqdakı yerdəyişmənin cəbhədəki proseslərə ciddi təsiri görünümr. Ancaq Ukrayna üçün Qərbin silah tədarükündə müəyyən problemlərin olduğunu da demək lazımdır. Çünki müasir, uzaqvuran silahlar verilsə, eləcə də ölkənin havası qorunsa, mənim zənnimcə, bu, müharibənin gedişatına ciddi təsir edən element olacaq. Xüsusilə, Ukraynaya təyyarələrin verilməsi, hərbi hava qüvvələrinin möhkəmləndirilməsi müharibənin gedişatında sərt dönüş yarada bilər. Zənnimcə, Qərb bu ehtiyacları başa düşür. Həm 320 kilometrlik yaylım atəş raketlərini, həm də hava hücumundan müdafiə sistemləri - "Patriot"u ötürməyə başlayıb. Beləliklə bəzi mütəxəssislərin “Rusiya ordusu üstünlüyü ələ alır, Ukrayna ordusunu üstələyir” kimi fikirlərinin əsası yoxdur. Mən inanmıram ki, belə bir proses baş versin. Qərb soyub-soyub dərini quyruqda saxlamayacaq. Heç buna ukraynalılar da imkan verməz. Qənaətimcə, Ukrayna ərazi bütövlüyünü təmin edəcək və Rusiya üzərində qələbə qazanacaq. Bu mənada düşünmürəm ki, Rusiyanın Ukraynadakı ordusunun komandanlığında baş verən dəyişiklik ciddi dönüş yarada bilər.

- Bu savaşın nəticəsi olaraq hansı reallıq ortaya çıxacaq?

- Birincisi, Rusiya regional güc idi, amma fövqəl gücə çevrilmək istiqamətində gedirdi. Artıq bu proses dayanacaq və ya baş tutmayacaq. Rusiya ərazisi böyük olsa da, əyalət dövlətinə çevriləcək.

İkincisi, Rusiyanın daxilində çalxalanma yaşana bilər. Putin hakimiyyətdən gedəcək. Ancaq onun yerinə kimin gələcəyini demək çətindir. Çünki demokratik sistem və seçim Rusiyaya yaddır. Mənim ehtimalıma görə, hərbi sənayenin, hərbçilərin dəstəklədiyi şəxs iş başına gələ bilər. Ancaq yeni gələn müharibə haqqında düşünməyəcək.

Üçüncüsü, bu halda da Rusiyaya qarşı tətbiq edilən sanksiyalar götürülməyəcək. Rusiyaya təzyiqlər davam edəcək. Elə edəcəklər ki, Rusiya tam zəifləsin. İndi bu, reallığa oxşayan proses kimi görünür.

Dördüncüsü, yeni dünya düzəni Avropadan keçərək Asiyaya doğru irəliləyəcək. Mən bu prosesdə Koreya Xalq Demokrat Respublikası üçün də müəyyən proseslərin baş verəcəyini istisna etmirəm. Çinlə bağlı məsələlər bir qədər çətindir, amma ehtimal ki, Pekin də yeni dünya düzəninə uyğunlaşmağa çalışacaq, ətrafında baş verənlərə real yanaşacaq. Zənnimcə, ABŞ və müttəfiqlərinin Çinə təhdidləri də durmadan artacaq.

- Demək istəyirsiniz ki, dünyanın siyasi xəritəsi dəyişəcək?

- Bəli, bu, Rusiyanın da olduğu Avrasiya materiki ilə daha çox əlaqəlidir. Azsaylı xalqların müstəqillik ideyaları qabarıq ön çıxa, məsələn, Tatarıstan kimi nəhənk ölkə müstəqillik əldə edə bilər. Çeçenistan və ya Yakutiyada da nələrsə ola bilər. Amma hər halda Rusiyanın içindən dağıdılması prosesinə nəzarət ediləcək. Əks təqdirdə ölkədə xaos yarana, hətta vətəndaş müharibəsinə qədər gedə bilər. Hesab edirəm ki, Rusiyanın zəiflədilməsi prosesi ciddi nəzarət altında həyata keçəcək. Rusiyanın nüvə gücünün azaldılmasına və aqressiv siyasət aparnmayan ölkə statusuna yaxınlaşdırmağa çalışacaqlar. Müharibədən sonrakı proseslər mühariə dövründəki proseslərdən az əhəmiyyətli olmayacaq, daha çox əhəmiyyət daşıyacaq.

- Bu proseslər əgər Rusiya və ətrafındakı ölkələrə təsir edəcəksə, bu halda keçmiç SSRİ ölkələrinin durumu necə olacaq?

- Artıq postsovet məkanında dəyişikliklərin işartısı duyulur. Moldova MDB-dən çıxmaq haqqında düşünür və bu barədə fikirlər mediaya sızdırılıb. Üstəlik Moldova MDB toplantılarına qatılmır. Qazaxıstan Rusiya ilə kifayət qədər praqmatik və həm də sərt qarşıdurma siyasəti həyata keçirir. Qazaxıstan Türk Dövlətlər Birliyinin möhkəmləndirilməsi istiqamətində, habelə öz milli sərvətlərinin Rusiyadan yan keçməklə Avropa bazarlarına çıxarmağa çalışır. Bu proses Türkmənistan və Özbəkistanda da gedir. Asiya qitəsində Monqolustan anti-rus xarakterlidir və anti-Rusiya proseslərinə qoşula bilər. Ehtimal ki, o bölgədə əsas tənzimləyici rolu Yaponiya oynayacaq. Əgər II Dünya Müharibəsindən sonra Yaponiyaya ordu yaratmaq qadağan edilmişdisə, indi daha belə olmayacaq. Yaponiya qırıcıların, hipersəsli raketlərin istehsalına başlayıb. Məncə, Yaponiya Uzaq Şərqin anti-rus xarakterli böyük gücünə sahiblənə bilər. Yaponiya G7-yə daxildir. Bütün bunlar anti-Rusiya koalisiyasına çevrilə, Rusiya öz qınına çəkilmək məcburiyyətinə sürükləyə bilər. Hər halda müharibədən sonra Rusiyanın formalaşdıracağı yeni sistemin aqressiv və millitarist xarakterdə olmayacağını düşünürəm.


Müəllif: Nemət Orucov