18 Yanvar 2023 21:57
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya xarici işlər naziri Pekka Haavisto PKK terror təşkilatının həm İsveçdə, həm də ölkəsində qadağan edildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyənin bu mövzuda narahatlığını aradan qaldıra biləcəklərinə ümid etdiyini deyib.

Üç ölkə arasında indiyədək iki görüşün keçirildiyini xatırladan Haavisto üçüncünün yaxınlarda keçiriləcəyini açıqlayıb.

Nazir indiyədək keçirilən görüşlərdə Türkiyə ilə bağlı məsələlərin, o cümlədən PKK-nın başqa ölkələrdəki varlığının müzakirə edildiyinə diqqət çəkib:

“PKK həm İsveçdə, həm də Finlandiyada qadağan edilmiş təşkilatdır. Ümid edirik ki, Türkiyənin bu məsələ ilə bağlı narahatlığını aradan qaldıra bilərik”.

Haavisto ölkələrarası səfərlərin davam edəcəyini deyib:

“Yaxşı dostum Mövlud Çavuşoğlu ilə danışıq aparırıq. Söhbət Ukrayna və Əfqanıstandakı son hadisələrdən gedir. NATO-ya qəbul məsələsini də müzakirə edirik. Birbaşa və yaxşı ünsiyyətimiz var. Bilirəm ki, hazırda ABŞ-dadır. ABŞ və Türkiyə arasındakı razılaşma (F-16-lar məsələsi) nə olur-olsun, qəbul prosesimizə töhfə verə bilər”.

Haavisto İsveçin terrorla mübarizədə əlindən gələni etdiyini iddia edib: “Finlandiya və İsveçin ayrıca nəzərdən keçirilməsi ilə bağlı fikirlər var, amma İsveçi xəritədən çıxarmaq və regional təhlükəsizliyi bu şəkildə qiymətləndirmək çətindir”.


Müəllif: Mənsur Rəğbətoğlu