20 Yanvar 2023 11:25
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə kralı III Çarlzın ailəsi və Bukingem sarayının gəlirlərindən Britaniya hökumətinin xəzinəsinə hər il 1 milyard funt sterlinq köçürülməsinə qərar verilib.

Teleqraf.com xəbər verir ki, III Çarlzın qərarının təfərrüatlarını Britaniya monarxiyasına aid torpaq və mülklərinin bağlı olduğu “Kral Mülkiyyəti” kimi tanınan və kral ailəsinin xidmət və xərclərinin qarşılandığı maliyyə qurumu yayıb.

Açıqlamada bildirilir ki, fond Almaniyanın RWE enerji şirkəti ilə ölkədə 2030-cu ilə qədər fəaliyyətə başlaması planlaşdırılan 6 külək elektrik stansiyasının yaradılması və istismarı üçün razılıq əldə edib.

Bu müqavilə çərçivəsində III Çarlzın külək stansiyalarından əldə ediləcək və normal şərtlərdə Krallıq fonduna daxil edilməsi nəzərdə tutulan təxminən 1 milyard funt sterlinq illik mənfəətin ictimai mənafeyə sərf edilməsi üçün ölkə xəzinəsinə köçürülməsini istədiyi bildirilib.

Alman enerji şirkəti RWE-dən verilən açıqlamada, layihənin cəmi 15 milyard funt sterlinq investisiyadan sonra 2030-cu ildə 8 gigavatt ümumi istehsal gücü ilə xidmət göstərməsinin planlaşdırıldığı qeyd edilib. Layihə çərçivəsində ölkədə 7 milyon ev təsərrüfatının elektrik enerjisinə ehtiyacının ödənilməsi nəzərdə tutulur.

Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2022-ci ilin dekabr ayında ölkədə İstehlak Qiymətləri İndeksi (İQİ) illik bazda 10,5 faiz artıb.

Ölkədə inflyasiya keçən ilin oktyabr ayında 11,1 faizlə son 41 ilin ən yüksək səviyyəsini gördükdən sonra noyabr ayı etibarilə 10,7 faizə qədər geriləyib.

İngiltərədə ərzaq qiymətləri ötən ilin dekabrında illik bazda 16,8 faiz artıb. Bu göstərici 1977-ci ilin sentyabrından bəri ən kəskin artım kimi qeydə alınıb.


Müəllif: Yeganə Oqtayqızı