24 Yanvar 2023 13:24
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçkiyə qədər Ankaranın mövqeyi dəyişməyəcək və İsveçlə Finlandiya NATO üzvü ola bilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyənin Finlandiya və İsveçlə münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını ala bilmir. Çünki Türkiyənin haqlı tələbi var: “Ölkənizdəki terrorçuları bizə təhvil verin”.

Bu tələbin yerinə yetirilməsi bir yana, PKK uzantıları bu iki ölkədə fəallaşıblar, üstəgəl, İsveçdə Türkiyə səfirliyi qarşısında Quranın yandırılması Stokholmun NATO-ya üzvlüyünü daha da mürəkkəbləşdirib. Türkiyədə bunun qarşılığında İsveçin bayrağını yandırıblar.

Hazırkı vəziyyətdə İsveçin və Finlandiyanın iki ümidi qalıb. Birinci ümidləri onadır ki, Vaşiqnton Ankaraya təzyiqi artırıb, bu iki ölkənin Şimali Atlantika Blokuna üzvlüyünü sürətləndirsin. Məsələn, yayılan xəbərə görə, ABŞ Türkiyəyə satacağı F-16 hərbi təyyarələri əvəzinə, Ankarının İsveç və Finlyandiyanın NATO üzvlüyünə razılığını almaq istəyir. Ancaq Vaşinqton bu xəbəri təsdiqləməyib”.

Elxan Şahinoğlu qeyd edib ki, Helsinki və Stokholmun ikinci ümidi mayda Türkiyədə keçiriləcək seçkidə Prezident Rəcəb Tayyib Ərdoğana məğlub olmasınadır:

“Hesab edirlər ki, Ərdoğanın yerində fərqli siyasətçi prezident olarsa, NATO-ya üzvlük məsələsi həll olunacaq. Bu hesabların nə dərəcədə özünü doğruldacağını seçkidən sonra biləcəyik. Hər halda seçkiyə qədər Ankaranın mövqeyi dəyişməyəcək və İsveçlə Finlandiya NATO üzvü ola bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu