Razılaşma olsa da, Ermənistanla Türkiyə arasında hava yükdaşımaları həyata keçirilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
2023-cü ildə yanvarın 1-dən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yükdaşımaları başlamalıydı. Bu, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında əldə olunan razılaşmalardan biri idi.
Yanvarın 6-da Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan məsələ ilə əlaqədar belə demişdi:
“Türkiyə tərəfi bu gün bizə məlumat verdi ki, birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağa aradan qaldırılıb. Bu barədə razılaşma ötən il iyulun 1-də xüsusi nümayəndələrin görüşündə əldə olunub”.
“Joxovurd” Ermənistan İqtisadiyyat Nazirliyinə müraciət edərək, qadağa götürüldükdən sonra hava yüklərinin daşınması üçün müraciətlərin olub-olmaması ilə maraqlanıb.
Nazirlik qadağanın götürüldüyünü təsdiqləsə də, həll edilməli olan bir sıra məsələlərin olduğunu diqqətə çatdırıb: “Uçuşların həyata keçirilməsi üçün gömrük və digər prosedurlar hələ də aparılmalıdır”.
Yəni qərar var, siyasi bəyanat var, amma bunun reallaşması üçün lazım olan məsələlər həllini tapmayıb.