27 Yanvar 2023 09:05
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqının Ermənistana göndərdiyi missiyanın əsas ideya verəni və təşəbbüsçü aparıcı qüvvəsi Fransadır. Onların başlıca hədəflərindən biri də Qarabağdır. Çünki Fransızlar sevinə-sevinə bu ideyanın Avropa Parlamentindən keçməsini arzulayırdı və buna da nail oldular. Üstəlik həmişə sülhyaratma prosesinə əngəl olan Qarabağdakı erməni separatçılar Avropada əsasən Fransa tərəfindən gündəmə gətirilir. Baxmayaraq ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, amma real işə gələndə daima belə pozucu fəaliyyətlə məşğul olur”.

Bunu Teleqraf.com-a professor Qabil Hüseynli bildirib.

O eyni zamanda diqqəti Qarabağa çəkib:

“Öncə vacibi Laçın dəhlizinə nəzarətdir. Hazırda Bakı bunun üçün ciddi fəaliyyət göstərir. Aİ missiyası da gələcəkdə bu yolda olmağını arzulaya bilər. Bunlar beynəlxalq missiyadır. Gələcəkdə cəhd edə bilərlər ki, bizim ərazimizə daxil olsunlar və burada fəaliyyət göstərsinlər. Aydındır ki, bunun üçün Azərbaycanın razılığı olmalıdır. Çünki Xankəndi daxil olmaqla Qarabağın dağlıq hissəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə planlara və davranışlara Azərbaycan ciddi etiraz edər əgər onlar istəsələr. Necə ki hazırda Azərbaycan ictimaiyyətinin etirazı həyata keçirilir. Amma mən güman etmirəm ki, missiya belə bir şeyə cəhd və risk etsin. Ən azı yaxın altı ayda bu baş verməyəcək. Bu müddət ərzində də Qarabağla bağlı proseslər həll istiqamətinə yönələ bilər. Burada Azərbaycanın mövqeyi əsasdır”.

Professor xatırladıb ki, Rusiya Aİ missiyasının Ermənistana gəlməsini arzulamırdı və hazırda bu sərt tənid olunur: “Bu, rusların maraqlarına uyğun deyil. Ruslar bunu pis qarşılayır və etirazlar edirlər. Həm Ermənistan siyasi rəhbərliyinə, həm də Avropaya. Mətbuatda bu hərakatı Rusiyaya xəyanət kimi qiymətləndirir, şükür edirlər ki, bu təkcə Ermənistanın qərarıdır. Bununla da özlərinə təsəlli verirlər. Ermənistanın bu addımını Rusiyanın Cənubi Qafqazdan vurulub çıxarılmasına cəhd olduğunu Rusiyada qəbul edənlər də az deyil. Məncə, bundan sonra Rusiyanın mübarizə obyekti təkcə Azərbaycan olmayacaq, həm də Ermənistan olacaq”.

Q. Hüseynli onu da deyib ki, Aİ missiyasının regiona gəlişi hələlik İran tərəfindən səbr və dözümlə qarşılanır:

“Məncə, Ermənistan bu missiya ilə bağlı İrana müəyyən izahat verə, bu da Tehranda bundan təsəlli alar. Mənim fikrimcə, ilk dövrlərdə İran bunu sakitcə qəbul edəcək və buna qarşı etiraz etməyəcək. Həm də nəzərə alınmalıdır ki, Fransanın bölgədə hərəkətləri ilə İranın hərəkətləri arasında üst-üstə düşən məqamlar az deyil”.


Müəllif: Nemət