Ukraynaya kütləvi hücum zamanı ruslar havadan və dənizdən 55 raket buraxılışı həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı, general Valeri Zalujnı deyib.
“Ölkəmizə Tu-95, Su-35 və Miq-31qırıcılarından X-101, X-555, X-47 “Xəncər”, “Kalibr”, Kh-59 raketləri atılıb. Rusiyanın Qara dəniz donanmasındakı gəmilərdən də raket buraxılıb”, - general əlavə edib.
Zlujni deyib ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 47 qanadlı raket məhv edilib:
“Onlardan 20-si paytaxt Kiyev ərazisində vurulub. Bundan əlavə, dörd Kh-59 idarə olunan hava raketindən üçü hədəflərinə çatmayıb. Rusların məqsədi dəyişməz olaraq qalır - ukraynalılara psixoloji təzyiq göstərmək və kritik infrastrukturu məhv etmək. Amma bizi sındırmaq olmaz! Ukraynanın səmasını qoruyan hərbçilərə təşəkkürlər!".
Qeyd edək ki, bu gün Rusiya Ukrayna ərazisinə növbəti raket hücumu həyata keçirib. Xüsusilə, Kiyev istiqamətində 15-dən çox qanadlı raket atıb.
Vinnitsa bölgəsidə rus raketlərinin hədəfində olub. Həmçinin Odessa vilayətində kritik enerji infrastrukturunun iki obyektinə raket dəyib.