27 Yanvar 2023 10:23
13 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Senatın Xarici Əlaqələr Komitəsində keçirilən iclasda Türkiyəyə mümkün F-16 satışını gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, Nulandın senatorların suallarını cavablandırdığı iclasda demokrat senator Jeyn Şahin Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq verməyəcəyi təqdirdə F-16-ların satışına qarşı çıxacağını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın bundan öz daxili maraqları üçün istifadə etdiyini iddia edən Şahin bu durumun NATO-nun maraqlarına zidd olduğunu söyləyib.

Nulandın senatora cavabı belə olub: “Türk müttəfiqlərimizə də bildirmişik ki, onlara müttəfiqlərimiz kimi lazım olduğunu düşündüyümüz təhlükəsizlik dəstəyini vermək üçün Konqresin dəstəyinə ehtiyacımız var”.

Nuland qeyd edib ki, Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməsi F-16-ların Türkiyəyə satışının ABŞ Konqresi tərəfindən daha isti qarşılanmasını təmin edəcək.

Nulandın “Türkiyəyə mesaj” olaraq xarakterizə edilən açıqlaması ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində də gündəmə gəlib. Qurumun sözçüsü Vedant Patel Prezident Co Bayden və Dövlət Departamentinin F-16-lar haqqında fikrinin qəti olduğunu deyib:

“Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və NATO sistemi daxilində təhlükəsizlik məsələlərini dəstəkləməyə davam edəcəyimizi açıq şəkildə bildirmişik. Bu iki məsələ, yəni F-16-lar və İsveçlə Finlandiyanın NATO-ya qəbulu bir-birindən ayrı qalmağa davam edəcək, bunlar bir-birinə qarışan məsələlər deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu