27 Yanvar 2023 16:29
2 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Avropa Birliyi (AB) arasında artan təmaslar çərçivəsində ilk Siyasi və Təhlükəsizlik Dialoqu keçirilib.

Teleqraf.com xəbər verir ki, dialoq İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan və AB Xarici Əlaqələr Xidmətinin rəhbərinin müavini və siyasi direktoru Enrike Moranın sədrliyi ilə baş tutub.

Gevorqyan sərhədlərin monitorinqi məqsədilə yaradılacaq AB-nin Ermənistan missiyası (EUMA) ilə güclü əməkdaşlıq etmək istədiklərini deyib.

Mora Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə vermək üçün ən yüksək səviyyədə səy göstərdiklərini iddia edərək, toplantıda Ermənistanla Türkiyə arasındakı münasibətlərin də nəzərdən keçirildiyini bildirib. AB rəsmisi bu dialoqun hər il keçiriləcəyini də söyləyib.

Ötən ilin noyabr və dekabr aylarında fəaliyyət göstərən EUMA Ermənistanın tələbi ilə AB-nin yanvarın 23-də qəbul etdiyi qərara əsasən, 2 il müddətində Azərbaycanla təmas xəttində müntəzəm patrul və müşahidə fəaliyyətləri həyata keçirəcək.

Rusiya Xarici İşlər Nazirliyi AB-nin qərarının geosiyasi gərginlik gətirə və bölgədəki münaqişəni daha da qızışdıra biləcəyini deyərək, Qarabağda sülhməramlı kimi xidmət edən rus hərbçilərinin vəziyyətdən asılı olaraq AB müşahidəçilərinin davranışlarına reaksiya verəcəyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu