27 Yanvar 2023 23:14
2 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi xidmət orqanları İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə bu ölkədə sabitliyi pozmaq üçün xüsusi əməliyyat keçirib. Söhbət yanvarın 21-də baş verən skandaldan gedir. Həmin gün isveçli siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Robert Lansinq Qlobal Təhdidlər və Demokratiya Araşdırma İnstitutu (RLI) məlumat yayıb.

RLI bildirir ki, Kreml Paludandan Rusiya hərbi kəşfiyyatının (QRU) agenti olan yerli jurnalist Çanq Yohannes Frik vasitəsilə öz maraqları üçün istifadə edib.

“Çox güman ki, Rusiya hərbi kəşfiyyatı psixoloji əməliyyat aparmaq üçün cəlb edilmiş QRU-nun agenti Çanq Yohannes Frik vasitəsilə Paludandan istifadə edib. Hücum Ankaraya yönəldiyindən aksiyanın keçiriləcəyi yer - Türkiyənin Stokholmdakı səfirliyinin qarşısındakı ərazi təsadüfi seçilməyib”, - məlumatda deyilir.

RLI-nin məlumatına görə, Kremlin bu təxribatı terror təhlükəsinin səviyyəsini artırmaq, həmçinin İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq məqsədi daşıyıb. Maraqlıdır ki, əməliyyat Türkiyə müdafiə naziri Hulusi Akarın İsveçə səfəri ərəfəsində həyata keçirilib.

İsveç və Finlandiya 2022-ci ilin mayında Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq qərarına gəlib. İsveçin NATO-ya müraciəti alyansa üzv olan 30 dövlətdən 28-i tərəfindən ratifikasiya edilib. Buna yalnız Türkiyə və Macarıstan razılıq verməyib.

Yanvarın 22-də Paludan və tərəfdarları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırıblar. Bu, Türkiyəni qəzəbləndirib. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuları müdafiə edən ölkəni NATO-ya üzv olmaqda dəstəkləmək fikrində olmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu