28 Yanvar 2023 17:33
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Britaniya hökuməti Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra Ukraynaya döyüş təyyarələri verilməsinə razılıq verə bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Nəşr bunun üçün rusların hansı mövqelərdən geri çəkilməli olduqlarını bildirməyib.

Britaniya hökumətinin mənbələrindən biri məsələnin hazırda prioritet olmadığını söyləyib.

Nəşr yazır ki, təyyarələrin təhvil verilməsi Rusiya qüvvələrinin Ukraynadan çıxarılması zamanı baş verə bilər.

Digər hərbi mənbə isə Britaniya Hərbi Hava və Dəniz Qüvvələrinin Ukraynanı dəstəkləmək üçün önəmli töhfə verməməsindən narahat olduğunu deyib. Onun sözlərinə görə, ukraynalıların bütün növ silahlara böyük ehtiyacları var.

Bununla belə, qəzetin həmsöhbətləri bildiriblər ki, Britaniya silahlarından istifadə etmək daha çətindir və bunları döyüşə hazırlamaq çox vaxt aparacaq. Amma Britaniya Hərbi Dəniz Qüvvələri ukraynalı hərbçilərə 2022-ci ilin yayından etibarən iki “Sandaun” sinifli minaaxtaran gəmini idarə etməyi öyrədir.


Müəllif: Mənsur Rəğbətoğlu