30 Yanvar 2023 21:13
4 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İsveç qəzetinə verdiyi açıqlamada anti-Türkiyə mövqeyini növbəti dəfə ortaya qoyub.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik, İsveç bundan şoka düşəcək” açıqlamasına İsveç mətbuatında geniş yer ayrılıb.

“Expressen” qəzetinin “Türkiyə Finlandiyanın NATO-ya müraciətini təsdiqləyə bilər” adlı məqaləsində Ərdoğanın sözləri şərh edilib. Qəzet məsələ ilə bağlı Con Boltonun fikirlərinə yer verib.

Donald Trampın keçmiş müşaviri Bolton hesab edir ki, Türkiyə NATO-dan çıxarılmalıdır.

Bolton bundan əvvəl “The Wall Street Journal”da dərc olunmuş məqaləsində Qərbin Türkiyədəki müxalifətə kömək edəcəyi təqdirdə Prezident Ərdoğanın dayandırıla biləcəyini demişdi: “Qərb Türkiyə müxalifətinin qarşıdan gələn prezident seçkilərində yaxşı şans əldə etməsinə kömək etmək üçün cəsarətli addım atsa, Ərdoğan dayandırıla bilər”.

Onun iddiasına görə, Ərdoğana müqavimət göstərilməsə, işlər daha da pisləşəcək.

Bolton Amerika telekanallarından birinə müsahibəsində özünü “başqa ölkələrdə çevrilişlərin planlaşdırılmasına kömək etmiş biri” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu