31 Yanvar 2023 14:34
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

2050-ci ilə qədər 9 milyard insanı qidalandırmaq potensialına malik olan Afrika qitəsində iqlim dəyişikliyi, kənd təsərrüfatı sektoruna sərmayə qoyulmaması, terrorizm və Rusiya-Ukrayna müharibəsi kimi amillər səbəbindən 278 milyon afrikalı aclıqdan əziyyət çəkir.

Teleqraf.com xəbər verir ki, ötən həftə Seneqalın paytaxtı Dakarda keçirilən “Feed Africa” sammiti zəngin resurslarına və işçi qüvvəsinə baxmayaraq, qitənin qidadan asılılığını bir daha ortaya qoyub.

Afrika İnkişaf Bankının (AfDB) təşkil etdiyi sammitdə qitənin inkişaf tərəfdaşları Afrikada ərzaq suverenliyini təmin etməkdən ötrü növbəti 5 il üçün ümumilikdə 30 milyard dollar maliyyə vəd edib.

Afrikadakı kənd təsərrüfatı layihələrini dəstəkləmək və bu qaynaqla qida idxalını azaltmaq hədəflənsə də, rəqəmlər qitənin qida idxalının hər il artdığını ortaya qoyur. AfDB məlumatlarına görə, 2015-ci ildə Afrika 35 milyard dollarlıq ərzaq idxal etdiyi halda, 7 ildə bu rəqəm iki dəfə artaraq 70 milyard dollara çatıb.

Dəyişən istehlak vərdişləri və qidaya artan tələbatla qida idxalının 2025-ci ildə 110 milyard dolları keçəcəyi gözlənilir.

Afrika taxıl, yağ, şəkər, ət və süd məhsulları kimi əsas ərzaq məhsulları üçün daha çox xarici mənbələrdən asılı olsa da, kakao, qəhvə, çay və ədviyyat kimi məhsulları ixrac edir. Bununla belə, ekspertlər Afrikanın xaricdən aldığı əsas ərzaq məhsullarının demək olar ki, hamısını istehsal edə bildiyinə və bu kənd təsərrüfatı istehsalının əhəmiyyətli məşğulluq yarada biləcəyinə diqqət çəkirlər.

Afrikanın ərzaq tələbatını təkbaşına qarşılaması üçün kənd təsərrüfatı sektoruna investisiya qoyulması vacib olsa da, idxal olunan məhsulların yerli alternativləri ilə idxal rəqəmlərinin azala biləcəyi ifadə edilir.

Afrika 9 milyard insanı qidalandıra bilər

AfDB-nin 2022-ci il rəqəmlərinə görə, dünyada aclıqdan əziyyət çəkən 828 milyon insanın 278 milyonu Afrikada yaşayır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edir ki, Afrikada ac insanların sayı 2030-cu ilə qədər 310 milyona çata bilər.

Afrika dünyanın toxunulmamış kənd təsərrüfatı torpaqlarının 65 faizinə ev sahibliyi edir. Qitə 2050-ci ilə qədər 9 milyard insanı qidalandırmaq üçün kifayət qədər əkin sahəsinə malik olsa da, 100 milyon tondan çox ərzaq idxal edir.

2022-ci il Afrika Kənd Təsərrüfatı Vəziyyəti Hesabatı Afrikadakı kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinin təsiri və qlobal böhranlara davamlılıq üçün hər il 257 milyard dollara ehtiyacı olduğunu ortaya qoyur.

Müstəmləkəçi məhsul vərdişi

Afrikada əkin sahələrinə və münbit torpaqlara baxmayaraq, ərzaq probleminin əsas səbəblərindən biri də müstəmləkə dövründən qalma vərdişlə eyni və tək məhsulun davamlı becərilməsidir.

Müstəmləkə dövlətlərinin müstəqillikdən əvvəl Afrika fermerlərinə öz ehtiyaclarına uyğun vahid məhsul tətbiq etməsi və bu vərdişin bu gün də davam etməsi qitənin kənd təsərrüfatı sahəsində inkişafına mane olur.

Bundan əlavə, sürətlə artan əhali, infrastruktur və kənd təsərrüfatına sərmayənin olmaması Afrikada ərzaq problemini daha da dərinləşdirir.

Terror Afrikada ərzaq təhlükəsizliyini artırır

Qitədə 30-dan çox silahlı terror qruplaşmasının olması əkinçilik və heyvandarlığa da mənfi təsir göstərir. Xüsusilə Sahel bölgəsi və Çad gölü hövzəsində terror və təhlükəsizlik riskləri səbəbiylə milyonlarla insanın aclıq və qida çatışmazlığı yaşadığı məlumdur.

BMT-nin rəqəmləri dünyanın ən uzunmüddətli və mürəkkəb münaqişə zonalarından biri olan Çad gölü hövzəsində yerləşən Kamerun, Çad, Niger və Nigeriyada 5,6 milyon insanın ciddi ərzaq təhlükəsizliyi ilə üzləşdiyini ortaya qoyur.

BMT xəbərdarlıq edir ki, terror təşkilatları səbəbiylə ərzaq təhlükəsizliyini artırmaq üçün tədbirlər görülməsə, Saheldə 18 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək.

COVID-19 və Rusiya-Ukrayna müharibəsi

COVID-19 epidemiyasının yaratdığı ərzaq böhranı Afrikada 200 milyondan çox insana təsir edib.

Epidemiyadan sonra başlayan Rusiya-Ukrayna müharibəsi Afrika ölkələrində də kənd təsərrüfatı fəaliyyətini pozdu və buğda qiymətlərinin 45 faiz artmasına səbəb olub. Buğda ehtiyacının 40 faizini Rusiya və Ukraynadan ödəyən Afrika qitəsində müharibə səbəbindən 30 milyon ton ərzaq çatışmazlığı yaranıb.

Afrika ölkələri ehtiyac duyduqları gübrənin böyük hissəsini Rusiya və Ukraynadan idxal etdiyi halda, müharibə səbəbindən gübrə qiymətləri 3 dəfə artdı və nəticədə bazarda 2 milyon ton gübrə çatışmazlığı yarandı.


Müəllif: Yeganə Oqtayqızı