Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Finlandiya və İsveçin NATO üzvlüyünü dəyərləndirən nazir Çavuşoğlu PKK terror təşkilatının İsveçdəki fəaliyyətinə diqqət çəkib.
“Finlandiyaya daha müsbət baxdığımızı əvvəldən deyirik. Bununla belə, NATO bu iki ölkənin üzvlük prosesinin paralel tamamlanmasını istəyir. Ayrı-ayrı qiymətləndirmə mövzusunda hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bildirib ki, Finlandiyaya daha müsbət baxır”, - nazir qeyd edib.
Çavuşoğlu İsveçlə bağlı bunları deyib:
“PKK-nın İsveçdəki fəaliyyəti aramsız olaraq davam edir. Finlandiya isə Quranı yandırma aksiyasını qadağan etdiyini açıqlayıb. Finlandiyanın NATO üzvlüyünə daha müsbət baxırıq. Əgər İsveç öz öhdəliyini yerinə yetirsə, oturub danışarıq. Amma hazırda İsveçin NATO üzvlüyünə “hə” demək mümkün deyil”.