İngiltərə mediasının məlumatına görə, 88 milyon funt-sterlinq dəyərində olan nüvə sualtı gəmisinin zədələnmiş hissələri dəyişdirilməyib, əksinə super yapışqanla yapışdırılıb. Müntəzəm yoxlamalar zamanı fəlakətə səbəb ola biləcək təmir işləri görülüb.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri Ben Uolles “Trident” nüvə sualtı gəmilərindən birinin müntəzəm təftişi zamanı uğursuz təmirə dair dəlillər tapdığını açıqladıqdan sonra təcili təhqiqat başladılıb.
Podratçılar 2015-ci ildə “Trident” raketlərini daşıyan “HMS Vanguard”da nüvə reaktoru kamerasında araşdırma aparıblar.
Təmir komandasının boltları dəyişdirmək əvəzinə, “HMS Vanguard”ın nüvə reaktorunda soyuducu boruları bir yerdə saxlamaq üçün istifadə edilən bir neçə qırıq boltu superyapışqanla yapışdırdığı iddia edilir.
“The Sun”un məlumatına görə, reaktorun əriməsinə mane olan soyuducu borulardakı ən azı yeddi bolt bu formada təmir olunub.
Fəlakətə yol aça biləcək təmir bu ayın əvvəlində reaktorun maksimum gücdə planlaşdırılan işə salınmasından əvvəl adi yoxlama zamanı aşkar edilib. Baş verənlər təhlükəsizlik və müdafiə qurumlarını qəzəbləndirib. “The Sun” yazır ki, Uolles təcili toplantı tələb edib, istintaq və gələcək işlərlə bağlı təminat istəyib.