Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizində gərginlik davam edərkən, Yunanıstanı hərbi bazaya çevirən ABŞ-dan kritik həmlə gəlib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın təxribat xarakterli addımının dənizlərdə Türkiyə və Yunanıstan arasında gərginliyi artıra biləcəyi deyilir.
Yunanıstanda nəşr olunan “Pentapostagma” qəzeti Amerikanın yunan hökumətinin “təcili” tələbi ilə Egey dənizinə təyyarə gəmisi göndərməyə qərar verdiyini yazıb.
“ABŞ niyə “USS George W. Bush” təyyarə gəmisini Egeyə göndərir?” adlı məqalədə Türkiyənin döyüş təyyarələrinin dənizdə uçuşlarının artması ilə bağlı Afinanın təşvişə düşdüyü və Vaşinqtonun bu qərarı aldığı bildirilib.
Nəşr Yunanıstanın bir müddətdir nəzəri hücumlara məruz qaldığını iddia edib: “Adalarımız üzərində təhlükəli uçuşlar, Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələrinin Türkiyənin döyüş təyyarələri ilə toqquşması ehtimalı və Türkiyənin dənizdə böhran yaratmağa çalışması təkcə Yunanıstanı deyil, AB, NATO və ABŞ-ı da təşvişə salıb”.
Məqalədə qeyd olunub ki, “USS George W. Bush” və onu müşayiət edən gəmilər fevralın əvvəlində Egeyə gələcək və Pirey limanında lövbər salacaq. Yunan nəşri gəminin göndərilməsinin səbəbinin Türkiyənin yunan adalarında mümkün əməliyyatlarının qarşısını almaq olduğunu iddia edir.