Almaniyanı silkələyən irqçi “İmperiya Vətəndaşları” (“Reichsbürger”) təşkilatının çevriliş planları bir-bir ifşa olunur.
Teleqraf.com xəbər verir ki, 2022-ci il dekabrın 7-də keçirilən əməliyyat zamanı saxlanılan Harald P.-nin işlədiyi məktəbdə miqrant və xəstə uşaqların məlumatlarına daxil olaraq onları sənədləşdirdiyi məlum olub.
Təşkilatın hərbi qanadını dəstəkləyən və informasiya şəbəkəsinə cavabdeh olan Harald P.-nin bu işlər üçün anbar icarəyə götürdüyü müəyyən edilib.
İstintaqa görə, çevriliş zamanı hərbi qolun üzvləri insanları həbs edib edam etməyi planlaşdırıblar. Harald P.-nin Şvaynfurt şəhərindəki orta məktəbdə kompüter təhlükəsizliyinə cavabdeh olduğu üçün bütün mühacir şagirdlərin şəxsi məlumatlarına, ünvanlarına və valideynlərinin elektron poçtlarına daxil olduğu, şagirdlərin xəstəlikləri ilə bağlı məlumatları əldə etdiyi bildirilib.
İstintaq zamanı Harald P.-nin Osterdorf kəndində anbar icarəyə götürdüyü ortaya çıxıb. Reyd zamanı anbarda olan kompüterlər müsadirə edilib.
Gəlişmə Nasist Almaniyasının lideri Adolf Hitlerin qurduğu rejimi gündəmə gətirib. “Üstün irq” ideyası ilə hərəkət edən Hitler qaraçıları, əlilləri və yəhudiləri həbs edərək məhv etmək planını həyata keçirmişdi. Nasistlər həmçinin homoseksualları və asosial insanları da hədəfə almışdılar. Nasistlər “aşağı irq”ləri yox etməyi öz hüquqları və missiyaları hesab edirdilər.