Maliyə səfər edən Burkina Faso Baş naziri Apolliner Xoakimson Kelem de Tambela bu ölkədən olan həmkarı Çoqel Mayqa və Prezident Assimi Qoyta ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Tambela görüşlərdən sonra mətbuata verdiyi açıqlamada Mali ilə qarşılıqlı etimada əsaslanan çevik federasiya qura biləcəklərini söyləyib.
Malinin heyvandarlıq, qızıl və pambıq istehsalında lider olduğunu vurğulayan baş nazir Burkina Fasonun da eyni sahələrdə məhsul istehsal etdiyini və iki ölkənin güclərini birləşdirə biləcəyini qeyd edib. Əvvəlki nəsillərin belə bir cəhd etdiklərini, amma uğursuzluqla nəticələndiyini vurğulayan Tambela hələ baş nazir postuna gəlməmişdən əvvəl bu ideyanı düşündüyünü deyib.
Hər iki ölkənin tək olduqları üçün risklərə daha açıq olduqlarına diqqət çəkən Burkina Faso baş naziri birlikdən güc doğacağını bildirib.
Tambela qeyd edib ki, federasiya ideyası keçid hökumətləri dövründə həyata keçirilə bilər.
Ardıcıl olaraq iki dəfə hərbi çevrilişin baş verdiyi hər iki ölkədə hakimiyyət hərbçilərdədir. Sahel bölgəsində qonşu Mali və Burkina Faso “Əl-Qaidə” və İŞİD terror təşkilatlarının hədəfindədir.