İnterpolun illərdir axtardığı İtalyan mafiyasının önəmli adlarından Edqardo Qreko Fransada həbs edilib.
Teleqraf.com xəbər verir ki, İnterpol İtalyan mafiyası adına çoxsaylı qətllər törətməkdə günahlandırılan 63 yaşlı Qrekonun Sent-Etyen şəhərində bir pizza restoranda aşpaz işlədiyini açıqlayıb.
Qrekonun İtaliyanın cənubundakı Kalabriya bölgəsindəki “Ndranghetan” mafiyasının üzvü olduğu güman edilir. Stefano və Cüzeppe Bartolomeo qardaşlarının vəhşicəsinə turşu ilə öldürülməsi və 1990-cı illərə damğasını vuran mafiya müharibələrində törədilən bir neçə cinayətə görə ömürlük həbs cəzasına məhkum edilən Qreko “təhlükəli qaçaq” olaraq xarakterizə olunurdu.
Fransa polisinin bildirdiyinə görə, Qreko ölkədəki bir neçə italyan restoranında saxta şəxsiyyətlə çalışıb, 2021-ci ildə isə Sent-Etyendə pizza restoranı işlədib.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi Qrekonun tutulmasını alqışladıqlarını açıqlayıb.