Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədəki konsulluqlarını bağlayan 9 ölkənin səfirlərinin nazirliyə dəvət edilməsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı bu ölkənin atdıqları addımların müttəfiqlik prinsiplərinə uyğun gəlmədiyini deyib.
Çavuşoğlunun açıqlamalarından diqqətçəkən məqamlar belədir:
“Əgər terror təhlükəsi varsa, xüsusən də müttəfiqiksə, məlumat almısınızsa, bunun kimdən olduğunu deməli deyilsinizmi? Doğru olan bu məlumatları bizə çatdırmaları və əgər belə bir təhlükə varsa, hücuma çevrilməmişdən əvvəl qarşısının alınmasıdır. Kəşfiyyatımızdan soruşuruq, konkret məlumat yoxdur. Siz sadəcə özünüzümü düşünürsünüz? Düşünürük ki, bu bağlanmalar məqsədyönlüdür. Səfirləri nazirliyə çağıraraq, məhz belə dedik.
Türkiyədə terror təhlükəsi olduğu görüntüsünü vermək istəyirlərsə, bu dostluq yaraşmaz. Xüsusən də AKP hökumətini və bizi seçki öncəsi çətin vəziyyətə salmağa çalışırlarsa, xalqımız bunların arxasında nə olduğunu çox yaxşı bilir. Bir qədər dürüstlük, bir qədər səmimiyyət gözləyirik, dünən səfirlərə verdiyimiz mesaj budur. Dedik ki, terror təşkilatlarının məkrli gündəminə xidmət etməməlidirlər. İŞİD və PKK başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparırıq.
Quranın yandırılmasının alçaqlığından sonra bəzi ölkələrin missiyalarına yönəlik təhlükəsizlik tədbirlərini gücləndirmişik. Bəzi Avropa ölkələrini də görürük, bu hadisəyə heç bir aidiyyətləri yoxdur, amma onlar da konsulluqlarını bağlayıblar. Bilirik ki, bəzi ölkələr başqalarına da bu qapanma aksiyasına qoşulmağı deyiblər. Lazımi xəbərdarlıqları etmişik, bundan sonra dəlil-sübut və məlumat vermədən belə üsullara getsələr, atacağımız addımlar olacaq”.