Finlandiyada keçirilən sorğuya qatılanların yarıdan çoxu bu ölkənin İsveçi gözləmədən NATO-ya üzv olmasının lazım olduğunu deyir.
Teleqraf.com xəbər verir ki, “Euractiv” saytı Türkiyənin İsveçin NATO-ya üzvlüyünə qarşı çıxması səbəbindən Finlandiyanın da bu prosesdən kənarda qalmasına fin ictimaiyyətinin isti baxmadığını bildirib.
“İlta-Sanomat” sorğu mərkəzinin sifarişi ilə keçirilən sorğuda iştirak edənlərin 53 faizi İsveçi gözləmədən NATO-ya üzvlük prosesini davam etdirməli və hərbi alyansa qoşulmalı olduqlarını bildirib.
Respondentlərin 28 faizi qonşularının geridə qalmaması lazım olduğuna diqqət çəksə də, 19 faizi qəti fikir bildirməyib.
“Populist və Millətçi Finlər” Partiyasının tərəfdarlarının 73 faizi hesab edir ki, Finlandiyanın NATO-ya üzvlüyü İsveçin cədvəlindən asılı ola bilməz.
Xristian Demokrat Hərəkatının tərəfdarlarının əksəriyyəti də eyni fikirdədir. Amma Sol İttifaq tərəfdarlarının 58 faizi Finlandiya və İsveçin birlikdə NATO-ya üzv olmasını istəyir.
Finlandiya Prezidenti Sauli Ninistö, Baş nazir Sanna Marin və xarici işlər naziri Pekka Haavisto iki ölkənin eyni vaxtda NATO-ya daxil olacağını dəfələrlə bəyan etsələr də, sorğunun nəticələri göstərir ki, Avropada təhlükəsizlik durumu pisləşərsə, Finlandiyanın siyasi rəhbərliyinə daxili təzyiq daha da artacaq.
Xarici işlər naziri Mövlud Çavuşoğlu bundan əvvəl bildirib ki, NATO Finlandiya və İsveçin müraciətlərini bir-birindən ayırarsa, Finlandiyanın müraciətinə yenidən baxılacaq.
Sanna Marin və İsveç Baş naziri Ulf Kristersson dünən Stokholmda keçirdikləri mətbuat konfransında iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu vurğulayaraq, NATO-ya üzvlük prosesini başladıqları kimi birlikdə yekunlaşdırmaq istədiklərini deyiblər.