Latviyanın baş naziri Krisjanis Karins iddia edir ki, tacirlər Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarından qaçmaq üçün Türkiyə, Qazaxıstan və Ermənistandan istifadə edirlər.
Teleqraf.com xəbər verir ki, baş naziri Krisjanis Karins litvalı həmkarları ilə görüşdə belə iddia irəli sürüb.
“Məlumatlara nəzər salsaq, Qazaxıstan, Ermənistan və Türkiyə kimi ölkələrin ticarətinin müəyyən sahələrdə xeyli artdığını görərik. Aydındır ki, tacirlər malları göndərirlər”,- Karins deyib.
Getdikcə daha da sərtləşən sanksiyalardan qaçmağa çalışan şirkətlərə boşluq verilməməsi lazım olduğunu qeyd edən Latviya lideri bunun üçün Türkiyə kimi ölkələri də sanksiyalara qoşulmağa razı salmalı və Avropanın birgə hərəkət etməli olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və Aİ son dövrlərdə Rusiyaya qarşı sanksiyalarla bağlı Türkiyəyə təzyiqlərini artırıb.