5 Fevral 2023 15:23
2 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövrün hakim Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri və baş naziri İsmət İnönünün illər əvvəl Türkiyə üçün yaranmış nüvə dövləti olmaq fürsətindən imtina etdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı təfərrüatları açıqlayan professor Saleh Sultansoy 60 il əvvəl Nobel mükafatlı fizik Məhəmməd Əbdüssalamın Türkiyənin dünyanın nüvə nəhəngləri sırasına daxil edilməsi təklifi verdiyini deyib.

Pakistan əsilli alim 1963-cü ildə Türkiyəyə gələrək, 1960-cı il çevrilişindən sonra hərbi xunta tərəfindən hakimiyyətə gətirilən o vaxtkı baş nazir İsmət İnönüyə “İstanbulda nəhəng mərkəz tikək” təklifini verib. Əbdüssalam Türkiyənin bu sahədə dünyada söz sahibi olmasını təmin edəcək mərkəzlə bağlı planın təfərrüatlarını İnönüyə danışıb və ona belə deyib: “Lazımi icazə və ərazi ayrılsa, türklər qısa zamanda nüvə gücünə çevriləcək”.

İnönü professor Əbdüssalamın təklifini geri çevirib. Əbdüssalam dövrün CHP iqtidarı ilə arasında yaşananları bir müddət eyni layihə üzərində çalışdıqları Saleh Sultansoya bildirib.

Sultansoy pakistanlı elm adamının məsələ ilə bağlı ona söylədiklərini bu sözlərlə ifadə edib:

“Türkiyəyə xüsusi önəm verən professor Əbdüssalam İstanbula yaxın yerdə nəzəri fizika ilə başlayan və tətbiqi sahəyə keçəcək nəhəng kompleks yaratmaq istəyirdi. Bu mərkəz İslam dünyasından tələbə və tədqiqatçıları qəbul edəcəkdi. CHP rəhbərliyinin onun təklifini rədd etməsindən çox üzüldü. O vaxt bir çox ölkələr ona çox parlaq təkliflər vermişdilər. Amma o, Türkiyənin əsl nüvə bazasına çevrilməsini istəyirdi. İnönü tərəfindən rədd edilməsindən qısa müddət sonra (1964) İtaliyanın təklifi ilə Triestdə mərkəz qurdu. Amma onun istəyi Türkiyə idi.

1989-cu ildə bu hadisəni mənə məyusluq və kədərlə danışdı, mənə belə dedi: “Türklər yenidən ayağa qalxsalar, hamımız xilas olacağıq. Əvvəlcə bölgə, sonra İslam coğrafiyası qurtulacaq. Türkiyə rəhbərliyi günbəgün daha da çıxılmaz vəziyyətə düşən dünyaya və bəşəriyyətə böyük faydalar gətirəcək”.

Həmin gün bu layihəyə start verilsəydi, Türkiyə İsveçrədəki Avropa Nüvə Araşdırmaları Mərkəzindən (CERN) daha yüksək mövqedə olardı. Təəssüf ki, bu böyük fürsət əldən çıxdı”.

Məhəmməd Əbdüssalamın fikrincə, İstanbul və Səmərqənddəki rəsədxanaların bağlanması İslam dünyasının süqutunun başlanğıcı idi. Həmin dövrdə hər iki rəsədxananı modelləşdirən Tycho Brahe adlı qərbli alim Praqada bir rəsədxana qurdu və bu işləri ilə bütün dünyada böyük iz buraxdı. Əbdüssalam iddia edirdi ki, müsəlmanlar təbiət elmlərini texnologiya ilə birləşdirməlidirlər.

Pakistanlı elm adamı bu kədərli hadisəyə baxmayaraq, Türkiyə ilə əlaqələrini kəsmədi. 1986-cı ildə dövrün baş naziri Turqut Özalın dəvəti ilə Türkiyəyə gəldi. Özalla görüşündə ona Türkiyənin 2020-ci illərin sonlarında yenidən böyük gücə çevrilə biləcəyini deyib. Elm adamı bu potensialın Anadoluda gizləndiyinə və türklərin bu missiyanı daşıyan bir millət olduğuna inanırdı.

“Türkiyə xüsusilə İslam dünyası üçün açar ölkədir”, - Əbdüssalam bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər