5 Fevral 2023 12:41
4 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri fevralın 24-də tammiqyaslı işğalın ildönümü ərəfəsində Ukraynaya yeni hücumun müxtəlif variantlarını nəzərdən keçirə bilər. Kəskinləşmə bir neçə istiqamətdə müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti yazır.

İngilis nəşri qeyd edir ki, ruslar son bir neçə həftə ərzində Zaporoje vilayətinin cənubu, Donetsk vilayətinin cənub-şərqindəki Vuqledar şəhəri və Luqansk vilayətində meşəlik xətti boyunca zərbələr endiriblər. Əsas təhlükənin haradan gələcəyi isə məlum deyil.

Məlumatda qeyd olunur ki, Donbasda bir çox insan 2022-ci ilin yayında Luqansk vilayətinin Severodonetsk şəhərindən gedən döyüşlər zamanı olduğu kimi, Ukrayna Silahlı Qüvvələrinin yeni müdafiə xəttinə ehtimal edilən hücumları hiss etməyə başlayıb. İnsanlar Donetsk vilayətinin Çasiv Yar qəsəbəsini tərk edirlər.

Nəşr iddia edir ki, Baxmut düşmən qoşunları tərəfindən mühasirəyə alınsa, bu, Ukrayna üçün ağır zərbə olacaq, amma bu, rusların sıçrayışına səbəbi ola bilməyəcək. Bununla belə, Baxmut diqqəti yayındıran bir manevr ola bilər.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu isə yaydığı hesabatda bildirib ki, Rusiya öz qoşunlarının əsas hücum səylərini Luqansk vilayətinə - Svatovoye və Kreminnaya ərazilərinə yönəldəcək: “Bu iki əsas qovşaq indi Rusiyanın əlindədir, amma payızdan bəri Ukrayna ordusunun hücumunun hədəflərinə çevrilib”.

Eyni zamanda, hazırda Xarkovda olan ukraynalı zabit hesab edir ki, işğalçılar sentyabrda Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları zamanı itirdikləri ərazilərə nəzarəti bərpa etməyə çalışaraq, şərqdən hücuma keçə bilərlər. Düşmənin Ukrayna qoşunlarını Svatovoya sıxışdırmağa cəhd etməsi mümkündür.

Ruslar gələcəkdə Ukrayna qüvvələrini Donbasa təchizat yollarından məhrum etmək üçün Xarkov və İzyum arasında magistral yolu kəsə bilər. Bununla belə, hərbçi deyib ki, rus qoşunlarının Xarkovun özünə hücum etmək üçün kifayət qədər qüvvəsi yoxdur. O, həmçinin düşmənin belə bir cəhdə əl atacağına şübhə etdiyini bildirib. Eyni zamanda, Sumı vilayətinə sərhəddən hücum olarsa, bundan təəccüblənməyəcəyini söyləyib.

Eyni zamanda, hərbi ekspert Kiril Mixaylov hesab edir ki, Ukraynanın cənubunda hadisələr gözlənilməz şəkildə inkişaf edə bilər. O vurğulayıb ki, rus işğalçılarının bütün cəbhə xətlərində hücum həyata keçirmək üçün kifayət qədər resursları yoxdur. Bununla belə, ruslar cəbhə xətlərini saxlamaq və ən təcrübəli qüvvələrini təhlükəli hücumlar üçün səfərbər olublar.

Cənub cəbhəsinə hücum Ukrayna qüvvələrinin Donbasdakı əsas təchizat marşrutlarını təhdid edəcək. Amma bu halda işğalçılar hazırkı cəbhə xəttindən Dnepr-Donetsk magistralına qədər 50-60 kilometr məsafə qət etməli olacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər