6 Fevral 2023 13:08
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Molla rejiminin İranda İslam adı altında yaratdığı totalitar rejim məhvə məhkumdur”.

Teleqraf.com xəbər verir ki, bunu “World Panorama” strateji araşdırmalar mərkəzinin rəhbəri, siyasi ekspert Ramiyə Məmmədova deyib.

Ekspert molla rejiminin din pərdəsinə bürünərək, öz xalqına qarşı hər vasitəyə əl atdığını bildirib:

“Ötən ilin təxminən üçdə birində ölkəni bürüyən kütləvi etirazların şahidi olan İran 2023-cü ilə çox ağır durumda qədəm qoydu. Bu ağırlıq iqtisadiyyat, sosial həyat, xarici və daxili siyasət, eləcə də digər strateji önəm kəsb edən sektorlarda hiss olunur. Molla rejimi hakimiyyəti qəsb etdikdən bəri çoxsaylı ictimai etirazlarla üzləşib. İndiyədək baş verən qiyamları, üsyanları yatırıb. Öz mahiyyəti zalım və totalitar xarakterdə olduğu üçün əl atdığı metodlar kifayət qədər qanlı və şiddətli olub. Pəhləvi rejimi 1979-cu ildə bir il davam edən kütləvi etirazlar nəticəsində devrilmişdi. Qan və zorakılıq üzərində qurulan yeni dini rejim əvvəlcə köhnə sistemin qalıqlarını, sonra isə “potensial düşmən” olaraq gördüyü bütün insanları və siyasi qrupların hamısını zor gücünə məhv etdi.

1980-ci ildə İran-İraq müharibəsinin başlaması ilə kütləvi edamlar intensiv hal aldı. Demək olar ki, 1988-ci ilə qədər İranda siyasi müxalifət tamamilə molla rejimi tərəfindən məhv edildi. Müxaliflər ya mollaların dar ağaclarından asıldılar, ya da bir yolunu tapıb ölkədən qaçdılar. Təkcə 1988-ci ildə minlərlə siyasi məhbus tövbə etmədiyinə görə mühakiməsiz edam edildi. İranın hazırkı Prezidenti İbrahim Rəisi Xomeyninin əmri ilə yaradılan, “ölüm missiyası” kimi tanınan dörd nəfərlik məhkəmə, daha doğrusu, edam işlərinə baxan heyətin üzvü idi.

1996-cı ildə Təbriz, 1998-ci ildə Tehran və Təbriz, 2006-2015-ci illərdə Təbriz, 2009-cu il, eləcə də 2019-cu ildə 1500 nəfərin ölümü ilə nəticələnən genişmiqyaslı etirazlar molla rejimi tərəfindən qanlı şəkildə yatırılıb. Molla rejimi bərqərar olduğu ilk gündən daxildə yaratdığı kütləvi qəzəblə İranı hər an partlamağa hazır olan minaya çevirib. Qərbin sərt sanksiyalarının dünyadan təcrid edilmiş İranın durumunu bir qədər də ağırlaşdırır”.

Ramiyə Məmmədova totalitar rejimin təhlükəli dini tezislərinin İran cəmiyyətini parçaladığını da söyləyib:

“Mafiya xarakteri daşıyan hakim dairə və bura daxil olan azlıq qrupları və ya ailələr ölkənin bütün sərvət və imkanlarını öz aralarında bölüşdürüb. Çoxluğu təşkil edən adi vətəndaşlar isə gündəlik əsas ehtiyaclarını ödəməkdə belə çətinlik çəkirlər. İranın bütün vətəndaşları əsas hüquq və azadlıqlardan da məhrumdurlar. Molla rejimi XXI əsrdə “haram” adı altında insanlara həyatı zindana çevirib. Bu, ümumi narazılığı daha da gücləndirir. Ölkədə bir çox sosial şəbəkə platformalarının qadağan edilməsi, söz və ifadə azadlığına görə insanların təqib edilməsi, qadınların geyimlərinə və baş örtüklərinə görə həbs olunması, gənclərin əyləncədən məhrum edilməsi adi haldır. Molla rejiminin “əxlaq rejimi”nin yaratdığı narazılıq ötən il pik həddə çatdı. Ötən ilin son aylarında baş verənlər molla rejimini silkələdi, daxili nüfuzunu sarsıtdı.

Totalitar rejim yenə də etirazları yatırmaq üçün hər vasitəyə əl atdı, öz xalqının qanını axtıtmaqdan yenə çəkinmədi. Öz xalqına qarşı kütləvi təmizləmə əməliyyatı apardı, gəncləri özünə düşmən etdi. Molla rejimi minlərlə insanı edamla hədələdi, gəncləri mühakiməsiz dar ağacından asdırdı. SEPAH və digər güc strukturlarının öldürdüyü insanlar arasında gənclər, qadınlar və uşaqlar üstünlük təşkil edir. Rejim baş verənləri yenə də diqqəti özündən yayındırmaq üçün “xarici düşmənlər”in üzərinə atdı. Bu yöndə əsas aləti də SEPAH adlanan illərdir bəslədiyi terrorçu dəstəsidir.

SEPAH İranda “dövlət içində dövlət” deməkdir. Hakimiyyət və parlament nümayəndələrinin əksəriyyəti SEPAH-a bağlıdır. SEPAH-ın dünyada terrorçu kimi tanınması trendi molla rejiminin yuxusunu qaçırır. SEPAH beynəlxalq miqyasda terror təşkilatə kimi tanınarsa, bu, İranın durumunu daha da pisləşdirə bilər. Amma İranda və bir sıra bölgə ölkələrində axıdılan qanların yarasının SEPAH bıçağı ilə açıldığını hər kəs bilir. ABŞ SEPAH-ın başçılarından biri Qasım Süleymanini də bu səbəbdən aradan götürmüşdü”.

Politoloqun fikrincə, İran rejimi hakimiyyətdə qalmaq üçün hər vasitəyə əl atacaq:

“İranın bu coğrafiyada apardığı düşmən siyasəti onun yaxın qonşuları üçün də başağrısına çevrilib. İranın türklərə və ya türk dünyasına qarşı apardığı düşmənçilik əsrlərdir davam edir. Əvvəlcə şah, sonra da molla rejimi hakimiyyəti qəsb etdikdən sonra Güney Azərbaycan türklərinə qənim kəsildi. Azərbaycan türklərinə qarşı diskriminasiya və assimilyasiya siyasəti fars rejimi üçün əsas prioritetdir. Mollalar bu çərçivədə Azərbaycan Respublikasını da özünün ən böyük düşmənlərindən bir hesab edir. 30 illik işğal dövründə və 44 günlük müharibədə Ermənistana verdiyi dəstək, nəhayət, Azərbaycanın Tehrandakı səfirliyində törətdiyi terror aktı bunun açıq göstəricisidir.

İran türk dünyasına qarşı düşmənçiliyin əsas simvoludur. Bu səbəbdəndir ki, Azərbaycan və Türkiyəyə qarşı bütün cəbhələrdə yer alır. İranın Azərbaycana qarşı düşmən siyasətini açıq müstəviyə keçirməsi isə Cənubi Qafqazdakı gərginliyi daha da artırır, ona yeni çalarlar əlavə edir. ABŞ, İsrail, İngiltərə və Avropa Birliyinin təzyiqlərinin artdığı vaxtda İranın Azərbaycanla çəkişməsi, şübhəsiz ki, adıçəkilən aktorlara molla rejiminə qarşı əlavə təzyiq vasitələrini işə salmaları üçün yeni imkanlar yaradır. Bu baxımdan, səfirliyimizə hücumdan sonra digər xarici ölkələrin İrandakı diplomatik nümayəndəliklərinin nə qədər təhlükəsizlikdə olduğu sualı gündəmə gəlir. Baş verən son olay bu ölkələri İranın varlığı və gələcəyi barədə yeni qərarlar verməyə sövq edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər