6 Fevral 2023 14:29
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş və son baş naziri Mirhüseyn Musəvi ölkədə davam edən kütləvi nümayişlərdən sonra molla rejimini köklü dəyişikliklərə çağırıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi İran və iranlıların əsaslı dəyişikliklərə ehtiyac duyduqlarını və hamının buna hazır olduğunu bildirib.

Musəvinin sözlərinə görə, 22 yaşlı Məhsa Əmininin “əxlaq polisi” tərəfindən qətlə yetirilməsindən sonra başlayan kütləvi etirazların kökündə bir-biri ilə əlaqəli problemlər dayanır. O, bura iqtisadi, ekoloji, sosial, qanuni, mədəni və media məsələlərinin aid olduğunu bildirib.

İslahatçı siyasətçi İran hökumətinin fundamental strukturunun olmadığını düşünür və yeni konstitusiya ilə bağlı azad və ədalətli referendumun keçirilməsini təklif edir.

“1979-cu ildə - islam inqilabı zamanında olduğu kimi, xalqın İranda azadlıq, ədalət, demokratiya və inkişaf yolunun təməlini qoymaq üçün əsaslı dəyişikliklər etmək hüququ var”, - Musəvi deyib.

81 yaşlı Musəvi 1981-1989-cu illərdə İran hökumətinə rəhbərlik edib. Ölkənin baş naziri postu ləğv edildikdən sonra siyasətdən getsə də, 2009-cu ildə siyasətə qayıdaraq seçkilərdə mühafizəkar Mahmud Əhmədinejada qarşı mübarizə aparıb. Musəvi seçkilərdə uduzub və bundan sonra nəticələrin saxtalaşdırıldığını bildirib.

Keçmiş baş nazirə qarşı rəsmi ittiham irəli sürülməsə də, 12 il ev dustaqlığında olub.

Musəvi Güney Azərbaycandandır, Xamnədə doğulub.


Müəllif: Mənsur Rəğbətoğlu