Türkiyə bu gün səhər saatlarında Kahramanmaraşda baş verən şiddətli zəlzələ ilə silkələndi. Ard-arda baş verən 7.7 bal gücündə zəlzələ Suriya, İraq və Livanda da hiss olundu.
Teleqraf.com xəbər verir ki, təbii fəlakət nəticəsində Türkiyə və Suriyada mindən çox insan həyatını itirib, minlərlə insan yaralanıb.
Ən qorxunc təbii fəlakətlərdən biri olan zəlzələlər böyük can və mal itkisinə səbəb olur.
Son 20 ildə baş verən və xeyli insan itkisinə səbəb olan zəlzələlərdən bəziləri:
Haiti - Atlantik okeanında, Karib dənizində yerləşən Haiti son illərdə bir neçə güclü zəlzələ ilə sarsılıb. 2021-ci ildə baş verən 7.2 bal gücündə zəlzələdə 2200-dən çox insan həlak olub, 13 mindən çox ev ya dağılıb.
İndoneziya - Təbii fəlakətlərin tez-tez yaşandığı ölkələrdən biri olan İndoneziya seysmik cəhətdən də fəaldır. 2018-ci ildə Sulavesi adasında baş verən 7.5 bal gücündə zəlzələ və onun ardınca baş verən 1.5 metrlik sunami son illərin ən ağrılı fəlakətlərindən biri kimi yaddaşlara həkk olunub. Zəlzələ və sunami 4300-dən çox insanın həyatına son qoyub.
İran - Zəlzələnin tez-tez yaşandığı ölkələrdən biri olan İranın Kirmanşah bölgəsində 2017-ci ildə 7.3 bal gücündə silkələnmə baş verib. 400-dən çox insanın həyatını itirdiyi təbii fəlakət qonşu İranda da 6 nəfərin həyatına son qoyub.
Meksika - 2017-ci ildə Meksikanın mərkəzində baş verən 7.1 bal gücündə zəlzələ 396 nəfərin həyatına son qoyub. Təbii fəlakət paytaxt Mexikoda böyük dağıntılara səbəb olub.
İtaliya - 2016-cı ildə ölkənin mərkəzi hissələrini vuran 6.2 bal gücündə zəlzələ 300 insanın həyatına son qoyub. Paytaxt Romanın şərqindəki dağlıq bölgədə baş verən fəlakət nəticəsində episentrə yaxın olan Akkumoli şəhəri və ətrafında torpağın 20 santimetr aralandığı açıqlanıb.
Ekvador - 2016-cı ildə Cənubi Amerikanın Sakit okean sahillərində yerləşən ölkələrdən biri olan Ekvadorda baş verən 7.8 bal gücündə zəlzələdə ən azı 650 nəfər həyatını itirib.
Əfqanıstan - 2015-ci ildə Əfqanıstanın Hinduquş dağlarında baş verən zəlzələ ən azı 400 nəfərin həyatına son qoyub.
Nepal - 2015-ci ildə baş verən və təxminən 9000 insanın ölümünə səbəb olan 7.8 bal gücündə zəlzələ 8 milyondan çox insanın həyatına təsir edib.
Çin - 2014-cü ildə Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən 6.3 bal gücündə zəlzələ nəticəsində ən azı 600 nəfər həlak olub.
Pakistan - 2013-cü ildə Pakistanı silkələyən 7.7 - 7.8 bal gücündə “əkiz zəlzələ” Bəlucistan əyalətini viran qoyub. Təbii fəlakət nəticəsində azı 800 nəfər həlak olub.
Güney Azərbaycan - 2012-ci ildə Təbriz şəhəri yaxınlığında iki dəfə təkrarlanan 6.4 – 6.3 bal gücündə zəlzələlər nəticəsində azı 300 nəfər həyatını itirib.
Türkiyə - 2011-ci ildə Vanda baş verən 7.2 bal gücündə zəlzələdə 600 çox insan həlak olub.
Yaponiya - 2011-ci ildə ölkənin şimal-şərqində baş verən 9.0 bal gücündə zəlzələ və onun törətdiyi sunami nəticəsində 15 min 690 nəfər həyatını itirib, 5 min 700 nəfər yaralanıb.
Yeni Zelandiya - 2011-ci ildə Kraystçörç şəhərində baş verən 6.3 bal gücündə zəlzələdə ən azı 180 nəfər ölüb.
Çili - 2010-cu ildə 8.8 bal gücündə zəlzələ və onun törətdiyi sunami 500-dən çox insanın həyatına son qoyub, yüz minlərlə evə ziyan dəyib, magistral yollar və körpülər dağılıb.
Haiti - Paytaxt Port-au-Prinsdə baş verən 7.0 bal gücündə zəlzələdə ən azı 316 min insan həlak olub.
Çin - 2008-ci ildə Siçuan şəhərində baş verən 7.8 bal gücündə zəlzələdə 87 min 900 nəfər həyatını itirib.
İndoneziya - 2004-cü ildə Sumatra adası yaxınlığında 9.15 bal gücündə zəlzələ baş verib. Bunun yaratdığı sunami Tailand, Hindistan, Şri Lanka və regionun bir çox ölkəsinə, eləcə də İndoneziyaya təsir edib. 230 mindən çox insanın həyatını itirdiyi fəlakətdə bir sıra kəndlər və turizm mərkəzləri yox olub.
Pakistan - 2005-ci ildə paytaxt İslamabadın şimal-şərqində baş verən 7.6 bal gücündə zəlzələ ölkədə 73 min insanın həyatına son qoyub. Kəşmiri də vuran zəlzələ burada 1200-dən çox insan itkisinə səbəb olub.