Qərbin İran və Rusiyaya qarşı sanksiyalarının səmərəsizliyi Kremlin “Şahid-131”, “Şahid-136” və “Mühacir-6” PUA-ları üçün Amerika komponentləri ala bilməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklər deyirlər ki, Moskva və Tehran Rusiya ərazisində İran pilotsuz uçan aparatlarının istehsalı üçün zavodu tikmək planını irəli sürüb. Bundan əvvəl belə biri Tacikistanda fəaliyyətə başlayıb.
Ekspertlərin fikrincə, Kreml beynəlxalq sanksiyalardan yan keçmək üçün KTMT və Avrasiya İqtisadi Birliyi vasitəsilə Tacikistanla geniş iqtisadi əlaqələrindən pilotsuz təyyarələrin komponentlərinin əldə edilməsi və ya Ukraynadakı müharibə üçün istehsal olunmuş PUA-ların alınması üçün istifadə edə bilər.
Böyük Britaniyanın Münaqişə Araşdırmaları Mərkəzinin (CAR) məlumatına görə, Ukraynada vurulan İranın “Şahid-131”, “Şahid 136” və “Mühacir-6” pilotsuz təyyarələrinin 82 faizində istifadə olunan çiplər, yarımkeçiricilər və digər komponentlər ABŞ istehsalıdır. Komponentləri İranın pilotsuz təyyarələrində aşkarlanan əksər Qərb şirkətləri müharibə başlayandan bəri bunların Rusiya, İran və ya Belarusa birbaşa satışını inkar ediblər.
Ötən gün “The Wall Street Journal” Tehran və Moskvanın Rusiyanın Ukrayna ilə müharibədə fəal şəkildə istifadə etdiyi “Şahid” tipli kamikadze dronlarının birgə istehsalı ilə bağlı gizli danışıqları davam etdirdiyini yazıb.