Türkiyədə baş verən dəhşətli zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
Teleqraf.com xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə NATO-nun qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik naminə sabah axşama qədər endirilmiş formada qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada “Bu mənalı və güclü həmrəylik mesajı ilə ölkəmizə etdikləri dəstəyə görə müttəfiqlərimizə səmimi təşəkkür edirik” ifadəsi yer alıb.
NATO-nun sözçüsü Oana Lungesku da bildirib ki, NATO üzvü olan ölkələr zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər ediblər.