ABŞ zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə 150-dən çox xilasedici göndərib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq ilə görüşündə deyib.
"İndiyədək Türkiyəyə 150-dən çox axtarış-xilasetmə personalı göndərmişik. Ən əlçatmaz ərazilərdə [təbii fəlakətin nəticələrini] aradan qaldırmaq üçün göstərilən səylərində Türkiyəyə kömək edən Amerika helikopterləri var. Biz Türkiyə hökuməti ilə sıx əlaqə saxlayırıq", - deyə E.Blinken bildirib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.