9 Fevral 2023 22:13
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı seysmoloq, professor Harold Tobin Türkiyənin Kahramanmaraş bölgəsində baş verən şiddətli zəlzələ ilə bağlı “Anadolu” agentliyinə danışıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin zəlzələyə ən çox məruz qalan ölkələrdən biri olduğunu deyən Tobin Kahramanmaraşdakı təbii fəlakətin olduqca böyük olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, bu, təkcə Türkiyədə son illərdə yaşanılan ən şiddətli zəlzələ deyil, həm də son əsrdə və uzun zamandır məskunlaşma əraziləri olan bölgədə baş verən dünyanın ən şiddətli zəlzələsidir.

Tobin indiyədək məlum olan fayda 7.7 bal gücündə ilk zəlzələnin baş verdiyini söyləyib.

Seysmoloq bu bölgədə zəlzələlərin gözlənildiyini, amma şiddətinin proqnozlaşdırılandan daha böyük olduğunu bildirib:

“Tarixdə Şərqi Anadolu fay xəttində belə şiddətli zəlzələnin baş verdiyini düşünmürəm. Zəlzələ qırılma xəttində çox böyük əraziyə yayıldı. Qırılma xəttində digər bölgələrə təsir edən afterşokların şahidi olduq, 9 saat sonra 7.6 bal gücündə baş verən zəlzələ bu xətlə əlaqəlidir, amma tamam başqa xətdə oldu. Bu xətt əvvəllər də məlum idi, amma belə şiddətli zəlzələlər məlum deyildi. Bu ikisinin bir araya gəlməsi dəhşətli faciədir. Birinci zəlzələ çoxlu dağıntılara səbəb oldu, ikincisi isə artıq zədələnmiş əraziləri silkələdi. Bu, axtarış-xilasetmə qrupları və ərazidəki insanlar üçün həqiqətən çətin vəziyyətdir”.

Zəlzələlərdən sonra Anadolu plitəsinin 3 metr sürüşdüyünə dair məlumatlara toxunan Tobin Anadolunun iki fay xətti arasında sıxıldığını deyib.

Amerikalı seysmoloq sürüşmənin arxasında duran elmi həqiqətləri belə izah edib:

“Afrika şimala doğru hərəkət edir, Səudiyyə Ərəbistanı ölkəni şərqə itələyir, bu da plitələrin çox yavaş hərəkət etməsinə səbəb olur. Bu hərəkət hər il bir santimetr olur, amma plitələr fay xətlərinin arasında ilişib qalır. Ağır bir mebeli itələmək istəyəndə nə baş verdiyini bilirsiniz, əvvəlcə müqavimət göstəririk, amma yerindən tərpənmir. Bu, Yerin qabığında gərginlik yaradır, amma daha sonra zəlzələ baş verən zaman bütün enerjisini bir dəqiqə və ya daha çox müddətdə buraxır. Bu qırılma xətləri boyunca bir neçə metr hərəkətlənmə baş verdi. Bu, plitələrin tektonik hərəkətlərinin yüz illər boyu yığılmış gərginliyi idi. Yüz illər sonra baş verən zəlzələdə santimetr hərəkət metrə çevrildi”.

Tobin materikdəki zəlzələlərin yan-yana duran plitələrin yanakı hərəkətləri ilə əmələ gəldiyinə və Türkiyədəki zəlzələnin xarakterinin fərqli olduğuna diqqət çəkib: “Son 200 ildə 24 saatdan az müddətdə ard-arda 7.7 və 7.6 bal gücündə zəlzələlərin baş verməsindən xəbərim yoxdur”.

Tobin 1940-cı illərdə Yaponiyada, 2004-2005-ci illərdə isə İndoneziyada ardıcıl şiddətli zəlzələlərin olduğunu, amma bunlar arasında aylar olduğunu söyləyib:

“24 saatdan az müddətdə bu qədər şiddətli olan iki zəlzələ demək olar ki, görünməmiş hadisədir. Çox uzun müddət, seysmoloji alətlərin ixtirasından bəri belə bir şey görməmişik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər