Qəhramanmaraşda baş vermiş yeraltı təkanlar əsrin ən şiddətli zəlzələləri arasındadır. Türkiyəyə dəstək davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
"Bu zəlzələ əsrin ən şiddətli zəlzələlərindən biridir. Ölənlərə başsağlığı veririk, sağ qalanlara şəfa diləyirik, xilasetmə qruplarına, yardım qruplarına uğurlar arzulayırıq. Zəlzələ nəticəsində 3-ü ABŞ vətəndaşı olmaqla 15 mindən çox insan həlak olub", - ABŞ rəsmisi deyib.
Dövlət katibi Antoni Blinkenin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda danışdığı, ABŞ-ın zəlzələ bölgəsinə necə dəstək verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparıldığına dair məlumatı paylaşan Ned Prays ABŞ-ın 200 nəfərlik təbii fəlakətə yardım qrupunun zəlzələ bölgəsində olduğunu söyləyib.
Qruplara ilk tibbi yardım və logistika mütəxəssisləri, mühəndislər və tibb mütəxəssisləri daxildir.
Zəlzələdən zərər çəkən Suriyaya da dəstək verdiklərini ifadə edən Ned Prays sərhəd qapılarını humanitar yardıma açdığı üçün Türkiyəni təqdir etdiklərini vurğulayıb.
Suriyaya yardımın ABŞ dəstəkli təşkilatlar vasitəsilə çatdırıldığını vurğulayan Prays Bəşər Əsəd rejimini humanitar yardımların əldə edilməsinə icazə verməyə çağırıb.