2022-ci ildə 691 mindən çox insan Rusiya vətəndaşlığını qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Statistika Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu, ötən illə (2021-ci il) müqayisədə təxminən 6 faiz az olsa da, son bir neçə ildə Rusiya vətəndaşlığını alanların sayı kəskin artıb. Belə ki, 2018-ci ildə təxminən 269 min, 2019-cu ildə təxminən 498 min, 2020-ci ildə isə 656 min nəfər Rusiya pasportu alıb.
Məlumata görə, 2022-ci ildə Rusiya pasportu alanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır. Ukraynalılar Rusiya vətəndaşlığını qəbul edənlərin 43 faizini (297 min) təşkil edib.
İkinci yerdə Tacikistan (174 000), üçüncü yerdə Ermənistan (45 000), dördüncü yerdə Qazaxıstan (42 000), beşinci yerdə Özbəkistan (27 000) qərarlaşıb. Azərbaycan isə 23 000-lə altıncı yerdədir.
Bu ölkələr 2021-ci ildə Rusiya vətəndaşlığını qəbul edənlərin sayına görə də liderlər sırasında olub.